Rusiya nefti Avropaya Hindistandan dizel kimi daxil olur...

Rusiya nefti Avropa bazarına daxil olmaqda davam edir, lakin artıq Hindistan neft emalı zavodlarında istehsal olunan hazır neft məhsulları şəklindədir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir.

Rusiya neftinin Avropaya birbaşa tədarükünə qadağa dekabr ayından, Rusiyada istehsal olunan neft məhsullarına isə fevral ayından etibarən qüvvədədir. Bununla belə, Avropa sanksiyaları Rusiya neftindən əldə edilən neft məhsullarının Hindistan kimi üçüncü ölkələrin neft emalı zavodlarında Avropa bazarına tədarükünü heç bir şəkildə qadağan etmir.

Bloomberg-in məlumatına görə, aprel ayında Hindistan Rusiya neftinin əsas alıcısı olmaqla yanaşı, Avropaya ən böyük hazır neft məhsulları tədarükçüsü olacaq. Avropa İttifaqına dizel tədarükü baxımından o, hətta Səudiyyə Ərəbistanını da keçəcək.

Nəşr qeyd edir ki, bir tərəfdən, Avropaya qadağan olunmuş Rusiya yanacağını əvəz etmək üçün üçüncü ölkələrdən dizel yanacağı tədarükü lazımdır. Amma digər tərəfdən, bu cür dolayı tədarüklər dünyada Rusiya neftinə tələbatı artırır və nəqliyyat xərcləri hesabına yanacağın Avropa bazarında bahalaşmasına səbəb olur.

Qeyd edək ki, ötən ilin dekabrında Aİ ölkələri Rusiya neftinin idxalına demək olar tam qadağa qoyub. Yalnız Macarıstan və Bolqarıstana müvəqqəti icazə verilib. Fevral ayında eyni qadağa Rusiya neft məhsulları üçün də tətbiq edilib.

Poliqon.info