Ukrayna “sülh masası” kimlərlə oturmaq istəyir? – O masada Çin yoxdur...

Ukraynanın müdafiə naziri vurğulayıb ki, sülh haqqında real danışıq vaxtı gələndə Ukrayna şərtləri diktə edəcək...

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Fransa prezidenti Emmanuel Makronun Ukraynada müharibə üçün sülh planı barədə Çinlə danışmaq təşəbbüsünü şərh edib.

Poliqon xəbər verir ki, RBC-Ukrayna nəşrinə müsahibəsində nazir bildirib ki, söhbət bir ölkədə deyil, bütün dünyada sülhdən gedir və buna görə də hamı öz liderliyini göstərmək istəyir.

Ukraynanın müdafiə naziri vurğulayıb ki, sülh haqqında real danışıq vaxtı gələndə Ukrayna şərtləri diktə edəcək.

“Zamanı gələndə Kiyev deyəcək: “Biz istəyirik ki, amerikalılar, ingilislər, fransızlar, almanlar, türklər, polyaklar bizim masamıza otursun. Biz istəyirik ki, bu masada sabah təhlükəsizliyimizi təmin etmək üçün öz üzərinə öhdəlik götürməyə hazır olan ölkələrin koalisiyası olsun”, deyə nazir bildirib.

Reznikov əlavə edib ki, Ukraynanın prezident Zelenskinin açıqladığı 10 bəndlik sülh planı var.

“Bu, bizim mövqeyimizdir. Bəzi başqa ölkələrin təkliflər verməsi isə Rusiyanın danışıqlar arzusunda olduğunu və variantlar axtardığını göstərir”, deyə Ukraynalı nazir vurğulayıb.

Poliqon.info