Daha bir məşhur brend Rusiyanı tərk edir - Zavodlarını Qazaxıstan şirkətinə satır...

Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor” Rusiyadakı zavodlarını Qazaxıstan şirkətinə sataraq, bazarı tərk etmək niyyətindədir...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Cənubi Koreyanın MBC telekanalı məlumat yayıb. Xəbərdə qeyd edilir ki, şirkət bununla bağlı Rusiya hakimiyyətinin qərarını gözləyir.

Məlumata görə, sövdələşmənin şərtlərində “Hyundai Motor”un istənilən vaxt aktivləri geri ala biləcəyi müddəası var. Eyni zamanda, şirkət özü Rusiya istehsalının taleyi ilə bağlı qərarın verildiyini təsdiqləməyib.

“Həqiqətən də, satışla bağlı müzakirələr gedir, lakin heç bir qərar verilməyib”, deyə “Hyundai Motor”dan bildirilib.

Telekanal qeyd edir ki, iki zavodun satışı üzrə əməliyyatın dəyəri hələlik məlum deyil. Ancaq investisiyaların miqyasına görə iqtisadi zərərin qaçılmaz olduğu dəqiqdir.

Qeyd edək ki, Sankt-Peterburqdakı “Hyundai” avtomobil zavodu 2022-ci ilin martında komponentlərin tədarükü ilə bağlı çətinliklərə görə istehsalı dayandırıb. Zavodun 2537 işçisindən 2206 nəfəri ixtisar olunub. İstehsal dayandırılana qədər müəssisədə “Hyundai Solaris”, “Hyundai Creta”, “Kia Rio” və “Kia Rio X-Line” modelləri istehsal edilib. 2010-cu ildə işə salınan zavodun istehsal gücü ildə 200 mindən çox avtomobil təşkil edirdi.

Poliqon.info