Qazaxıstan 9 mayda hərbi parad keçirməkdən imtina edib

Poliqon xəbər verir ki, bu barədə aprelin 24-də TASS Agentliyinə Qazaxıstanın Müdafiə Nazirliyinin rəsmi nümayəndələri məlumat verib.

"Prioritet məsələ Qazaxıstan Silahlı Qüvvələrinin bölmələrinin lazımi döyüş hazırlığı və mobillik səviyyəsini saxlamaqdır", deyə məlumatda deyilir.

Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti əlavə edib ki, 9 mayda xüsusən fərqlənmiş hərbi qulluqçuların ehtiramla yad edilməsi, müharibədə həlak olmuş qazax əsgərlərinin xatirəsinin əbədiləşdirilməsi və onların şücaətlərinin işıqlandırılması istiqamətində hərbi-vətənpərvərlik tədbirləri nəzərdə tutulub və həyata keçirilir. Qeyd olunur ki, mayın 7-si və 9-na həsr olunmuş digər bayram tədbirlərinin keçirilməsi ilə bağlı məlumat yaxın vaxtlarda Qazaxıstanın Müdafiə Nazirliyinin saytında ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, mayın 7-də Qazaxıstanda Vətən Müdafiəçisi Günü qeyd olunur. Mayın 9-da ölkədə Böyük Vətən Müharibəsində Qələbə Günü qeyd olunur. Sonuncu dəfə bu tarixlərə həsr olunmuş hərbi parad 2019-cu ildə keçirilib. Koronavirus pandemiyası səbəbindən son iki il ərzində hərbi parad ləğv edilib.

2021-ci ildə ölkə prezidentinin mətbuat katibi Berik Uali bildirib ki, Qazaxıstan Böyük Vətən Müharibəsi veteranlarının və arxa cəbhədə çalışanların xatirəsini ehtiramla yad edir, lakin kütləvi tədbirlər keçirməkdən imtina etmək məcburiyyətindədir.

Poliqon.info