Rusiya Almaniyada anti-Ukrayna ittifaqı qurmağa çalışır...

Rusiya keçən il Avropada Ukraynaya dəstəyi zəiflətmək məqsədi daşıyan aşırı sağçı və aşırı solçu Almaniya partiyaları – “Almaniya üçün Alternativ” (AfD) və Sol partiyalarının iştirakı ilə “müharibə əleyhinə koalisiya” yaratmaq strategiyası hazırlayıb....

“Report” “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə Avropa ölkələrindən birinin kəşfiyyatının əldə etdiyi Rusiya məxfi sənədlərindən məlum olub.

Sənədlərdən belə çıxır ki, 2022-ci ilin iyulunda Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko Kremlin siyasi strateqlərinin qarşısına təsir zonası kimi Almaniyaya “diqqət yetirmək” vəzifəsini qoyub.

Əsas fikir ondan ibarətdir ki, Almaniyanın milli maraqları ilə “okeanın o tayındakı ağaların” maraqları arasındakı iddia edilən ziddiyyətdən istifadə etmək, yəni ölkəni Ukraynada savaşa tez son qoymaq axtarışlarına meyilləndirmək lazımdır.

Nəşrin söykəndiyi sənədlərə görə, Almaniyadakı təsir kampaniyası həm də Böyük Britaniyanı, Avropa İttifaqını (Aİ) və NATO-nu gözdən salmalı, almanları Rusiyaya qarşı sanksiyaların onlara zərər verdiyinə inandırmalı idi. Kiriyenkonun qarşıya qoyduğu vəzifə 3 ay ərzində almanlar arasında Rusiya tərəfdarlarının sayını 10 % artırmağı nəzərdə tuturdu.

Sentyabrın əvvəlində bu məqsədə çatmaq üçün Kreml nümayəndələri Almaniyada aşırı sağçı AfD və aşırı solçuların iştirakı ilə qeyri-rəsmi “müharibə əleyhdarı” alyansının yaradılmasını irəli sürüblər. Həmin alyans hər hansısa seçkilərdə uğur qazanmalı və oradan da öz mesajlarını kütləyə çatdırmalı idi.

“Qərarlarının sonuclarını hesablamaq iqtidarında olmayan qeyri-adekvat siyasətçilər Almaniyanı ölkəmizin və xalqımızın təbii müttəfiqi olan Rusiya ilə münaqişəyə sürüklədilər. Bizim maraqlarımız Rusiya ilə normal tərəfdaşlıq münasibətlərinin bərpasını tələb edir”, - nəşr xalqa ötürülməli olan mesajlardan misal çəkib.

Sara VaqenknextNümunə olaraq, fevralın sonunda Berlində Rusiya mətbuatının daim istinad etdiyi Bundestaqın Sol Partiyasından tanınmış deputatı Sara Vaqenknextin başçılıq etdiyi 13 min nəfərlik “müharibə əleyhinə” mitinq göstərilir. Orada onlarla AfD üzvü də iştirak edib.

Bununla belə, “The Washington Post”un söykəndiyi materiallarda Kreml nümayəndələri ilə alman radikalları arasında hər hansı təmasların olması göstərilmir. Ancaq Vaqenknextin azı bir yoldaşı və AfD-nin bir neçə üzvü nəşrə son bir ildə rusiyalı şəxslərlə əlaqə saxladıqlarını etiraf ediblər.

Poliqon.info