Çin superkompüter şəbəkəsi yaratmaq üçün işə başlayıb...

Çinin Elm və Texnologiya Nazirliyinin Tienstin şəhərində keçirdiyi toplantıda bir araya gələn proqram təminatı və İT mütəxəssisləri sektordakı problemlərin həllinə dəstək olmaq üçün superkompüter internetinin yaradılmasını müzakirə ediblər...

Honq-Konqda yerləşən “South China Morning Post” qəzetində dərc olunan xəbərdə bir-birinə bağlı superkompüterlərdən ibarət şəbəkənin tək platforma vasitəsilə birdən çox maşına daxil olmasını hədəflədiyi bildirilib.

Layihədə ölkənin 15 universiteti və milli institutunda superkompüter mərkəzlərinin iştirakı planlaşdırılır. Bu yolla mərkəzlər Çinin müxtəlif nöqtələrində superkompüterlə tək şəbəkə üzərində işləyə bilər.

Səlahiyyətlilər hesab edir ki, bu kollektiv işçi şəbəkəsi aviasiya, kosmos, tibb və maliyyə kimi müxtəlif sahələrdə problemlərin həllində daha səmərəli fəaliyyətə imkan verəcək.

Xəbərdə, inkişaf edən süni intellekt və məlumat mərkəzi sistemlərinin də bu miqyasda superkompüter şəbəkəsini zəruri etdiyi diqqətə çatdırılıb.

Digər tərəfdən, o da bildirilib ki, belə bir internet şəbəkəsinin yaradılması üçün bir-birindən uzaqda yerləşən superkompüter mərkəzləri arasında əlaqə yaratmaq və yeni proqram təminatı hazırlamaq lazımdır.

“Wuxi Milli” Superkompüter Mərkəzinin direktoru Yang Qanquen yanvar ayında Çin Kommunist Partiyasının nəşrində dərc olunan məqaləsində aşağıdakı ifadələrdən istifadə edib:

“Superkompüter interneti müxtəlif istifadəçiləri gücləndirmək üçün müxtəlif elektrik mənbələrini bir araya gətirən elektrik şəbəkəsinə bənzəyir”.

Bundan əlavə, Çində yerləşən telekommunikasiya nəhəngi “Huawei” iyul ayında "kondensasiya edilmiş kompüter proqramlaşdırması" adlı layihəni elan edib.

Şirkətin superkompüter texnologiyasından məsul olan Şhao Şunçun superkompüter internet şəbəkəsi üçün müxtəlif platformalar arasında əlaqənin qurulması zərurətinə diqqət çəkərək, “Huawei”in bunu dizayn etmək qabiliyyətinə malik olduğunu iddia edib.

Mənbə: İndyturk.com

Tərcümə Poliqon-a aiddir...

Poliqon.info