Çin Nyu-Yorkun mərkəzində gizli polis idarəsi yaradıb

Çin əsilli Amerika vətəndaşları 61 yaşlı Lu Jianvanq və 59 yaşlı Çen Cinpinq Bronksdakı binada gizli fəaliyyət göstərən polis idarəsi ilə əlaqədar saxlanılıblar...

ABŞ Ədliyyə Nazirliyi Çin hökuməti adından bu ölkənin polis qüvvələrinin təxminən 34 zabitinin Nyu-Yorkda gizli polis idarəsi yaratdığını və sosial mediadan istifadə edərək ABŞ-dakı çinli müxalifləri təqib etdiyini açıqlayıb.

Poliqon Türkiyənin Hürriyet qəzetinə istinadən xəbər verir ki, Nyu-Yorkun Çin məhəlləsində aşkarlanan qeyri-qanuni gizli polis təşkilatının Amerikada Pekin administrasiyasının siyasətini tənqid edən, demokratiya tərəfdarı olan çinli fəalları tapıb təhdid etməyə çalışdığı iddia edilib.

Çin əsilli Amerika vətəndaşları 61 yaşlı Lu Jianvanq və 59 yaşlı Çen Cinpinq Bronksdakı binada gizli fəaliyyət göstərən polis idarəsi ilə əlaqədar saxlanılıblar.

İddialara görə, bu şəxslər Çin dövlət məmurunun göstərişi və nəzarəti altında hərəkət ediblər. Federal Təhqiqatlar Bürosunun Nyu-York bürosunun rəhbəri Maykl Driskoll ittiham aktının elan olunduğu mətbuat konfransında "Bu, bizim suverenliyimizin açıq şəkildə pozulmasıdır", deyib.

Poliqon.info