““Badamlı”, “Sirab” kimi məşhur markaların suları da Bakıda qablaşdırılır” - Sosioloq

Bakıda satılan suların hamısı ümumi su kranlarından doldurulub qablaşdırılır...

Elçin Bayramlı: “Suların hamısı yoxlanılmalıdır, onların mənbələri araşdırılmalıdır. İstehlakçıların aldaılmasına son qoyulmalıdır”.

“Qabların üstünə müxtəlif bulaqların adlarını yazıb, dəbdəbəli sözlərlə təqdim etməklərinə baxmayaraq, həmin sular adi şəhər suyudur”.

Bu sözləri sosioloq Elçin Bayramlı mağazalarda satılan qablaşdırılan sularla bağlı üzə çıxan həqiqəti Poliqon-a şərh edərkən qeyd edib.

Bu gün yerli mətbuatda yayılan bir videoreportajda insanlara marketlərdə baha qiymətə satılan mineral suların əslində zirzəmidə su kranından qablaşdırılmasından bəhs edilir. Reportaşda şirkətin sahibi də etiraf edif edir ki, Bakıda satılan suların hamısı ümumi su kranlarından doldurulub qablaşdırılır.

Bu vəziyyətlə bağlı nə demək olar? Ümumiyyətlə, Bakıda satılan qablaşdırılmış suların hansına daha çox etibar etmək olar və bu vəziyyətlə bağlı AQTA-nın fəaliyyətsizliyi nədən xəbər verir?

Əhalinin zəhərləndiyi mağaza suları ilə bağlı Poliqon-un əməkdaşı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlının fikirlərini öyrənib.

Elçin Bayramlı: “Bu məqamlarla bağlı AQTA-nın araşdırma aparmaması çox şübhəli məqamlardan xəbər verir”.

Məşhur brendlərin mineral sularının da əksəriyyətinin Bakıda kranlardan qablaşdırıldığının məlum olduğunu vurğulayan sosioloq Poliqon-a açıqlamasında qeyd edib ki, onlar da mineral tərkibli deyil. Sadəcə olaraq tərkiblərinə qaz vurulur:

“Son dövrlər, xüsusən Bakı və Sumqayıt şəhərində əhali tərəfindən içməli suyun mağazalardan müxtəlif qablaşdırma şəklində alınması halları artıb. Bu da şəhərə verilən suyun keyfiyyəti olmaması ilə bağlıdır. Mağazada satılan suların da ən azı 99 faizi saxtadır. Qabların üstünə müxtəlif bulaqların adlarını yazıb, dəbdəbəli sözlərlə təqdim etməklərinə baxmayaraq həmin sular adi şəhər suyudur. Şəhər suyu müəyyən iri filtr aparatlarından keçirilir və qablaşdırılıb satışa buraxılır. İnsanlar da məcbur qalır bu suyu alırlar. Çünki ən azından filtrdən keçirilib.

Suların qiymətinə baxanda onların keyfiyyəti verilən pula dəyməz. Artıq su bir çox ərzaq məhsullarından bahadır. Suyun bir litri ən yaxşı halda 50-60 qəpikdən başlayır. Halbuki, bu suyun maya dəyəri heç 5-10 qəpik də deyil.

Məşhur brendlərin mineral sularının da əksəriyyətinin Bakıda qablaşdırıldığı məlumdur. Onlar da mineral tərkibli deyil. Sadəcə olaraq tərkiblərinə qaz vurulur. Hətta, “Badamlı”, “Sirab” kimi məşhur markaların sularının da Bakıda saxta variantlarının satışı ilə bağlı söhbətlər var. Yəni, Naxçıvandan buraya həmin suların təyyarə ilə gətirilməsi və satış şəbəkəsinə paylanması şübhə doğurur.

Elçin Bayramlı: “Əminliklə deyə bilərəm ki, qablaşdırma suların üzərində yazılan bulaqlardan həmin sular yığılmır”.

Bütün bunlara görə əhalinin bir hissəsi filtr aparatlarını alıb evlərində quraşdırıblar. Əhalinin bir hissəsi də məcbur olub suyu dükandan qablaşdırma formada alırlar. Əminliklə deyə bilərəm ki, qablaşdırma suların üzərində yazılan bulaqlardan həmin sular yığılmır. Eyni zamanda elə bulaqlar var ki, onlardan gündə 100 litr su toplamaq mümkün deyil. Məsələn bu bulaqlara Damcılı, Turşusu və başqa bulaqları göstərmək olar. Halbuki, ölkədə 100 min tonlarla belə sular satılır. Guya həmin bulaqlardan yığılıb.

Bu məqamlarla bağlı AQTA-nın araşdırma aparmaması çox şübhəli məqamlardan xəbər verir. Çünki burada açıq-aşkar qanun pozuntuları var. Eyni zamanda burada İstehlakçıların hüquqlarının pozulması və aldadılması halları, vergidən yayınma halları var. Qabın üzərində ünvan başqa rayon göstərir. Amma faktiki olaraq həmin müəssisə Bakıda fəaliyyət göstərir.

Suların hamısı yoxlanılmalıdır, onların mənbələri araşdırılmalıdır. İstehlakçıların aldaılmasına son qoyulmalıdır. İstehlakçılar həmin suların haradan doldurulmasını və necə gətirilməsini sübut etməlidirlər. Bununla da onlar şəffaf şəkildə bu işi ictimaiyyətə təqdim etməlidirlər. Əks halda heç bir ədalətdən söhbət gedə bilməz. Necə ki, ölkədə qida məhsullarında vəziyyət acınacaqlıdır, eyni vəziyyət sulara da aiddir”.

Nərminə UMUDLU Poliqon.info