Ticarət müharibəsi: Çin və Qərb - Dünya yeni bir qarşıdurmanın astanasında...

Ağ Ev ABŞ-ın Çinə investisiyalarını məhdudlaşdırmaq üçün “görünməmiş tədbirlərə” hazırdır...

ABŞ Çinə qarşı “görünməmiş hərəkətə” hazır olduğunu açıqlayıb. Məhduduiyyətlər tətbiq olunduqdan sonra Amerika şirkətlərindən Çin müəssisələrinə sərmayə qoymaları barədə hökumətə məlumat vermələri tələb olunacaq.

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Politico jurnalı prezident administrasiyasındakı mənbəyə istinadən yazır.

Nəşrin məlumatına görə, Co Baydenin administrasiyası Çinin iqtisadi və hərbi-texniki inkişafını məhdudlaşdırmaq üçün belə bir addım atmağa qərar verib. Qeyd olunur ki, məhdudlaşdırıcı tədbirlər tətbiq edildikdən sonra Amerika şirkətlərindən Çin müəssisələrinə yatırdıqları sərmayələr barədə hökuməti məlumatlandırmaq tələb olunacaq.

“Əmin olmaq istəyirik ki, biz müttəfiqlərlə, sənaye nümayəndələri ilə hər şeyi müzakirə etmişik, bundan sonra qaydalarda nəzərdə tutulan fərman üzərində işləmək üçün standart prosedurlara keçəcəyik”, deyə mənbə Politico-ya bildirib.

Qeyd edək ki, daha əvvəl belə bir məlumat yayılıb ki, Çin ABŞ və Avropa İttifaqının sanksiya təzyiqlərinə cavab olaraq Qərb iqtisadiyyatına sərt zərbə vurmağa hazırlaşır. Məlumata görə Pekin nadir torpaq metallarının Qərbə tədarükünə qadağa qoymaq niyyətindədir, həmçinin maşın görmə sistemlərində istifadə olunan skan edən lidarların tədarükünü məhdudlaşdıra və ya tamamilə qadağan edə bilər.

Poliqon.info