Kosovo vətəndaşları Avropa İttifaqına vizasız daxil olacaq

Avropa Parlamenti kosovalıların uzun illərdir gözlədikləri Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız daxil olmaq istəyinə cavab verib...

Poliqon xəbər verir ki, AP-də bu gün keçirilən toplantıda Kosovo pasportu olan şəxslərə Avropa ölkələri üçün viza liberalizasiyası verilib.

Səsvermədən sonra AP-dən verilən yazılı açıqlamada, “Kosovo vətəndaşlarının 180 günlük müddətin 90 gününə qədər viza tələb etmədən Aİ ölkələrinə, Aİ vətəndaşlarının isə Kosovoya getməsinə icazə veriləcək", deyilib.

Qərar rəsmi qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək.

Kosovonun Aİ-nin vizasız səyahət zonası olan Şengenə daxil edilməsi ilə bütün Qərbi Balkanlar vizadan azad olub.

Qeyd edək ki, Kosovo 15 dekabr 2022-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib.

Poliqon.info