Braziliya lideri ABŞ-ı hədəfə aldı, Ağ Ev cavab verdi

Ağ Ev Çinə səfəri zamanı Amerika Birləşmiş Ştatlarının Ukraynada müharibəyə təşviq etdiyini deyən Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya cavab verib…

Poliqon Sky News-a istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Braziliya prezidentini Rusiya və Çinin tezislərinin təbliğatında ittiham edib.

O, Braziliya liderinin mövqeyini “sadəcə səhv” adlandırıb.

"Cənab Lula öz çıxışlarında Rusiya və Çin təbliğatını təkrarlayır", deyə Kirbi bildirib.

Qeyd edək ki, Braziliya Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Bundan əlavə, onlar “Putini təxribata çəkməmək” məqsədi ilə “Leopard” tankları üçün mərmi satmaqdan imtina ediblər.

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order vermişdi. Həmin vaxt Braziliyanın xarici işlər naziri Mauro Vieira bildirmişdi ki, Putin Braziliyaya səfər etsə, “nəticələr”lə üzləşəcək, çünki ölkə Roma Statusunu imzalayan ölkədir.

Apreldə Braziliya prezidenti Ukraynanı müharibəni dayandırmaq üçün Krımdan imtina etmək barədə düşünməyə dəvət edib. Ukrayna isə cavabında "torpaqları ilə alver etmədiyini" bildirib.

Ötən gün məlum olub ki, Lula da Silva Ukraynada sülhün bərqərar olması üçün ölkələr qrupu yaratmaq istəyir. Bundan əvvəl o, ABŞ-ı bu müharibəni “təşviq etməkdə” günahlandırmışdı.

Poliqon.info