Şəhid Səbuhi Tağıyevin cənazəsi Naxçıvana yola salınıb

Şəhidin cənazəsi Şahbuz rayonu Badamlı qəsəbəsində dəfn olunacaq...

Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Səbuhi Gündüz oğlunun nəşi Naxçıvan Muxtar Respublikasına yola salınıb.

"Report"un yerli bürosu xəbər verir ki, onun nəşi bu gün ailəsinə təhvil veriləcək.

Şəhidin cənazəsi Şahbuz rayonu Badamlı qəsəbəsində dəfn olunacaq.

Qeyd edək ki, şəhid Səbuhi Tağıyev Şahbuz rayonunun Şada kəndində anadan olub. O, sonradan ailəsi ilə birlikdə Badamlı qəsəbəsinə köçüb.

Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Allah rəhmət eləsin!

Poliqon.info