“Yes Travel” şirkətinin rəhbərlərinin məhkəməsinə şahidlər niyə gəlmir?

Şirkət Azərbaycanın ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz sığınacaq almalarını təmin edib...

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Sərxan Abdullayev, Üzeyir Bağırlı, “Yes Travel” MMC və Sərdar İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.Poliqon xəbər verir ki, iş hakim Azər Paşayevin icraatında araşdırılır.

Bir ildən artıqdır davam edən məhkəmə iclasında şahidlərin dindirilməsi mərhələsidir. Artıq bir neçə şahid məhkəmədə ifadə veriblər.

Sonuncu proses isə təxirə salınıb. Buna səbəb isə iş üzrə ifadə verəcək şahidlərin məhkəməyə gəlməməsi səbəb olub.

Proses 2 həftəlik təxirə salınıb.Qeyd edək ki, Azərbaycanın ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz sığınacaq almalarının təşkil edilməsi faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

"Gəncliyin Elmi-Mədəni İnkişafı" ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycanən vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Poliqon.info