Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Xudat-Bakı, Bakı-Xaçmaz-Bakı, Bakı-Nabran-Bakı, Bakı-Quba-Bakı, Bakı-Şabran-Bakı şəhərlərarası, eləcə də Mingəçevir 5 və 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Poliqon.info nazirliyə istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar tələb olunan sənədləri aprelin 27-si saat 17:00-a qədər, ixtisas məlumatlarını isə mayın 18-i saat 17:00-a qədər AYNA-ya (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: ramil.musayev@ayna.gov.az) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Xudat-Bakı istiqamətində 5 Lot üzrə mayın 19-u, Bakı-Xudat-Bakı və Bakı-Xaçmaz-Bakı istiqamətlərində 5 Lot üzrə mayın 23-də, Bakı-Xaçmaz-Bakı və Bakı-Nabran-Bakı istiqamətlərində 5 Lot üzrə mayın 26-da, Bakı-Nabran-Bakı, Bakı-Quba-Bakı istiqamətlərində, eləcə də Mingəçevir 5 və 12 nömrəli avtobus marşrutları 5 Lot üzrə mayın 30-da, Bakı-Quba-Bakı və Bakı-Şabran-Bakı istiqamətlərində 5 Lot üzrə iyunun 2-də müsabiqə keçirilən zaman açıqlanacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Poliqon.info