Dünyada hücum PUA-larına artan maraq... - Türkiyə bu rəqabətə davam gətirə biləcəkmi?

Hücum PUA-larının inkişafına ayrı-ayrı ölkələr milyardlarla sərmayə qoyurlar...

Hərbi-ekspert: “Biz Türkiyənin PUA istehsalında rəqabətə davam gətirməsini deyil, digər ölkələrin Türkiyə ilə bu sahədə rəqabətə davam gətirməsini müzakirə etməliyik”.

“Böyük ehtimalla Azərbaycan və Türkiyə yaxın perspektivdə həm də Türkiyə PUA-larının Azərbaycanda birgə istehsalı üçün ciddi addımlar atacaq”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev bütün dünyada PUA-lara artan marağı Poliqon.info-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Türkiyə Teknoloji Takımı Vəqfinin rəhbəri Səlcuk Bayraqdar Azərbaycana işgüzar səfər etdi. Səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşdü və “Qızıl Alma” PUA maketini prezidentə təqdim etdi. Qanadında Azərbaycan bayrağı olan “Qızıl Alma” PUA maketinin Prezident İlham Əliyevə təqdim edilməsi gələcəkdə bu PUA-nın ilk sahiblərindən birinin də ölkəmiz olacağı anlamına gəldi.

Lakin o da məlumdur ki, artıq bütün dünyada PUA-lara olan maraq o qədər artıb ki, bu sahənin inkişafına ayrı-ayrı ölkələr milyardlarla sərmayə qoyurlar.

Bəs Türkiyə bu rəqabətə davam gətirə biləcəkmi?

Türkiyənin PUA istehsalını Poliqon.info-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “BÖyük ehtimalla “Qızıl Alma”ın Türkiyədən sonra istifadəçisi olacaq növbəti ölkə Azərbaycan olacaq”.

Türkiyənin artıq müxtəlif təyinatlı PUA-ların istehsalı sahəsində dünyanın ilk 3, 4 və 5-liyinə daxil olduğunu xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, PUA-ların modellərinə görə bu mövqelər dəyişir:

“Türkiyədə, yaxud da Azərbaycanda istehsal olunan istənilən mal, texnika, silah hər iki ölkə üçün eyni səviyyədə əlçatandır. Yəni, iki qardaş ölkə arasında sənin, ya da mənim məsələsi yoxdur. Burada bir qardaşlıq, dostluq əlaqələri var. Bu əlaqələrdə də hansısa maddiyyat tamamilə ikinci və ya sonrakı dərəcəli məsələlərdir. Amma Azərbaycanın belə bir silaha çox ciddi ehtiyacı var.

Bildiyimiz kimi “Qızıl Alma” artıq orta yüksəkliklərdə uçuşlarını tamamlayıb. İlk prototip olaraq sürəti səs sürətindən yüksəkdir, növbəti mərhələdə isə səs sürətindəndən yüksək, təxminən 1100 kilometr surətdə malik PUA-lar həm Azərbaycanın, həm də Türkiyənin hava məkanının, sərhədlərimizin qorunmasında və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq.

10 kiloqram kütlə ilə 1500 kq faydalı yük daşıya bilən bu PUA-larr maksimum 14 min metr yüksəklikdə öz funksiyalarını yerinə yetirə biləcəklər. Təxminən 1000 km-ə qədər bir fəaliyyət radiosuna malik təyyarənin orta kriser surətində 5 saata qədər havada qala biləcəyi gözlənilir. Bu vasitələrin üstün cəhətləri ondan ibarətdir ki, təyyarənin gövdəsi Stret texnologiyasına malikdir. Bundan başqa təyyarə AESA radarı var. Eyni zamanda hər qanad altında üç sursat daşıya biləcək asqılara sahibdir. Bu asqılar da qapalı olaraq gövdənin içində qorunur. Bu isə təyyarənin düşmən və rəqib radarlarına görünməsini minimallaşdırır.

Ədalət Verdiyev: “Türkiyədən çox uzun illər əvvəl bu sahə ilə məşğul olan ölkələr hazırda Türkiyənin bu təcrübəsini də əldə etməyə çalışırlar”.

Bu PUA-lar həm hava, həm də yerüstü hədəflərə qarşı mübarizə imkanlarına malikdir. Həmçinin “Qızıl Alma”nın çox sayda yerli Türkiyə istehsalı olan aviasiya sursatları və raketlərindən də istifadəsi mümkündür. Böyük ehtimalla Azərbaycan və Türkiyə yaxın perspektivdə həm də Türkiyə PUA-larının Azərbaycanda birgə istehsalı üçün ciddi addımlar atacaq. Həm də böyük ehtimalla “Qızıl Alma”ın Türkiyədən sonra istifadəçisi olacaq növbəti ölkə Azərbaycan olacaq. Ən azından Səlcuk Bayraqdarın maketi Prezidentə təqdim etməsi, bunu ehtimal etməyə əsas verir.

Məncə, biz Türkiyənin PUA istehsalında rəqabətə davam gətirməsini deyil, digər ölkələrin Türkiyə ilə bu sahədə rəqabətə davam gətirməsini müzakirə etməliyik. Türkiyə bu sahədə kifayət qədər güc istehsal prosesinə başlayıb. Lakin çox qısa bir müddətdə böyük bir məsafə qət edib. Biz Türkiyə istehsalı olan PUA-ların xüsusiyyətlərinə diqqət yetirsək, görərik ki, Türkiyə artıq müxtəlif təyinatlı PUA-ların istehsalı sahəsində dünyanın ilk 3, 4 və 5-liyinə daxildir. Yəni, PUA-ların modellərinə görə bu mövqelər dəyişir. Amma ortalama olaraq Türkiyə bu sahədə ilk beşlikdən aşağıda deyil.

Türkiyədən çox uzun illər bu sahə ilə məşğul olan ölkələr hazırda Türkiyənin bu təcrübəsini də əldə etməyə çalışırlar. Hər bir halda biz yaxın perspektivdə “Qızıl Alma” PUA-nın ilk xarici operatoru olacağımız gözlənilir”.

Nərminə UMUDLU Poliqon.info