Kralın kaprizləri: III Çarlz ictimaiyyət qarşısına atasının 67 yaşlı paltosu ilə çıxıb...

Bazar günü Britaniya kralı III Çarlz atası şahzadə Filipin 67 yaşlı paltosunu geyinərək kilsədə ibadətə qatılıb...

Böyük Britaniya kralı III Çarlz bazar günü Qlosterşirdə keçirilən ibadət mərasimində köhnə üst paltarda iştirak edib və o hər kəsi əyinidəki palto ilə təəccübləndirib.

Poliqon xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb.

Monarx atası Edinburq hersoqu Filipin taxdığı kəmərlə və dəri düymələri olan qum rəngli yun ikibortlu paltoda ictimaiyyət qarşısına çıxıb. Bildirilir ki, şahzadə Filip bu paltonu 1956-cı ildə geyinib.

Ümumiyyətlə isə köhnə paltarlarda gəzmək kral III Çarlızın kaprizlərindən biri hesab olunur və bu ilk dəfə baş vermir.

Bəs Britaniya kralı niyə köhnə paltar geyinməyi sevir?

Ötən ilin sonlarında kral Çarlz özünün sevimli dəvə rəngli paltosunu geyinərək və üzərində dinozavr şəkili olan məzəli qalstuk taxaraq kilsə ibadətinə qatılıb.

Çarlz moda meyllərindən uzaq olduğunu və uzun illər eyni şeyi geyinməyə üstünlük verdiyini iddia etsə də, dinozavrlar şəlilli qalstuk kilsədəkiləri əyləndirib.

74 yaşlı kral hər zaman Londonun Sevill Rouda məhəllsində bir usta tərəfindən əllə tikilmiş xüsusi dəridən olan ayaqqabılarını təmir etməklə və köhnə kostyumlarının ora-burasını düzəldib yenidən geyməklə tanınır.

“Mən əşyaları atmağa nifrət edən adamam. Ona görə də bu əşyaları atmaqdansa, saxlanmasını, hətta lazım olduqda təmir olunmasını daha üstün tuturam. Çətinlik odur ki, yaşlandıqca formanı dəyişirsən və bu da problemlər yaradır. Bu məndə təkcə paltarlarla bağlı deyil. Mən yemək tullantıları da daxil olmaqla heç bir tullantıya dözə bilmirəm, onlar üçün başqa bir istifadə tapmağa üstünlük verirəm”, deyə Çarlz bir dəfə British Vogue nəşrinə köhnə əşyalara olan sevgisini izah edərkən deyib.

III Çarlz şahzadə Harri və Meqan Marklın toyunda

People nəşri xatırladıb ki, 2018-ci ildə Şahzadə Harri və Meqan Marklın toyunda Çarlz 1984-cü ildən qarderobunda olan “Anderson & Sheppard” firmasının kostyumunda görünüb. British Vogue nəşrinin redaktoru Edvard Enninful oğlunun toyu münasibətlə yeni bir şey geyinmək fikrində olub-olmadığını soruşduqda, Çarlz belə cavab verib: "Mən bu barədə düşündüm, amma mən bunu ildə bir neçə dəfə, yayda geyinirəm, ona görə də indi də toyda geyinmək istərdim”.

Qeyd edilir ki, kralın Sandrinqem malikanəsinin yaxınlığındakı Castle Rising, Müqəddəs Lourens kilsəsində ibadət zamanı geydiyi dəvə rəngli palto da onun sevimlisidir və o, bunu tez-tez ictimai yerlərdə geyinir.

Kral III Çarlz

Poliqon.info