Almanların ölməyən ümidləri: “Qazprom” “Şimal axını”nın sığortasını uzada bilib...

Bu, Berlinin boru kəmərinin yenidən işə salınmasına icazə verəcəyinin göstəricisidir...

Alman sığorta şirkətləri “Allianz” və “Munich Re” ötən ilin sentyabrında partladılan “Şimal axını” üçün sığorta təminatını yeniləyib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən məlumat yayıb. Bu da onu göstərir ki, Berlin gələcəkdə qaz kəmərinin bərpasına ümid edə bilər.

Agentlik yazır ki, Almaniyanın iki ən böyük sığorta şirkəti tərəfindən boru kəmərinin sığortalanması istənilən uzunmüddətli prespektiv üçün çox vacibdir. Sığortanın mövcudluğu həm də qaz təchizatının bərpası üçün lazım olan hər hansı təmiri asanlaşdıracaq.

Mənbələrdən biri bildirib ki, yeni sığorta borus kəmərinə potensial ziyanı və boru kəmərinin bağlanmasını da əhatə edir.

İki mənbənin Reuters Agentliyinə verdiyi məlumata görə,“Şimal axını”nın alman səhmdarlarından bəziləri Moskva ilə münasibətlərin yaxşılaşacağı təqdirdə ən azı zədələnmiş boru kəmərinin yerində saxlanmasının tərəfdarıdır. Onlardan biri bildirib ki, Berlin Rusiya ilə enerji əlaqələrinin kəsilməsi ilə bağlı bəyanatlara baxmayaraq, gələcəkdə bu boru xəttinin çalışmasını istisna etmir.

Bəzi alman rəsmiləri Reuters Agentliyinə bildiriblər ki, Almaniyadakı bəzi siyasətçilər hələ də "Şimal axını"nın bərpa oluna biləcəyinə ümid edirlər. Agentlik qeyd edir ki, bunun yaxın gələcəkdə baş verəcəyi perspektivini az adam görür.

Qeyd edək ki, martın əvvəlində Reuters xəbər vermişdi ki, Rusiyanın partladılmış “Şimal axını” boru kəmərlərini təmir etmək planları yoxdur və boru kəmərlərini möhürləmək niyyətindədir.

Xatırladaq ki, sentyabrda Baltik dənizində “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd qolundan üçü partladılıb.

Poliqon.info