“Azərbaycan üçün Ərdoğansız Türkiyə beynəlxalq aləmdə təklənmək deməkdir” - Politoloq

May 14-də Türkiyədə mühüm prezident və parlament seçkiləri keçiriləcək...

Azər Qasımov: “Ərdoğanın seçilməməsi durumunda tək ətraf ölkələri deyil, Türkiyənin özünün də gələcəyi qaranlıq olacaq”.

“Türkiyədə may ayında keçiriləcək seçkilərin nəticəsini tək Azərbaycan yox, bütün dünya gözləyir”.

Bu sözləri politoloq Azər Qasımov Türkiyədə keçirilməsi gözlənilən seçkiləri Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyiniz kimi may 14-də Türkiyədə mühüm prezident və parlament seçkiləri keçiriləcək. Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsində bu seçkilərin keçirilməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Çünki Ərdoğanın Türkiyənin gələcəyi ilə bağlı mühüm planları var.

Bəs Ərdoğan seçilməzsə bu planlar yarımçıq qalacaq? Ümumiyyətlə, Ərdoğanın seçilməyəcəyi təqdirdə bunun Azərbaycana nə kimi təsirləri ola bilər?

Türkiyədə keçiriləcək seçkiləri Poliqon.info-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “R.T.Ərdoğanın yenidən seçilmək imkanları çox böyükdür”.

Türk xalqının öz doğru seçimini edəcəyinə ümid edən politoloq əlavə edib ki, türk xalqı son və həlledici beş ilə R.T.Ərdoğanın prezident seçilməsini təmin edəcək:

“Türkiyədə may ayında keçiriləcək seçkilərin nəticəsini tək Azərbaycan yox, bütün dünya gözləyir. Məsələ ondadır ki, bu seçki dünya düzəninin formalaşmasının son şəklini almasında mühüm rol oynayacaq. Ərdoğanın yürütdüyü siyasət tək Azərbaycan və Türk dünyası üçün yox, ümumiyyətlə, Qərb və Asiya arasındakı məsələlərə də aydınlıq gətirməlidir.

Ərdoğanın yenidən seçilməsi bu günə kimi yürüdülən istər Türkiyə, istərsə də Azərbaycan və Türk dünyası addımlarının davamı, Rusiyanın Ukrayna müharibəsi fonunda hələ də ayaqda qalmasında əhəmiyyətli rol oynaması, Şimali Afrika, Yaxın və Orta Şərqdə əzilən xalqlar üçün ümid işığı olmağa davam etməsi deməkdirsə, onun seçilməməsi qeyd edilənlər üçün ümidsiz gələcək deməkdir.

Azər Qasımov: “Türk xalqı artıq ayılıb və yenidən əvvəlki müti günlərinə qayıda bilməz”.

Ərdoğanın seçilməməsi durumunda tək ətraf ölkələri deyil, Türkiyənin özünün də gələcəyi qaranlıq olacaq. Bu halda Türkiyənin parçalanması, daxili qarşıdurma təhlükəsi belə mövcuddur. Azərbaycan üçün Ərdoğansız Türkiyə beynəlxalq aləmdə təklənmək deməkdir. Düşmənlərinə qarşı tək qalmaq deməkdir. Türk dünyasının başsız qalması deməkdir. Təbii ki, Azərbaycan öz daxili potensialına arxayındır, amma bu, bizim üçün çətin dövrlərin başlanması deməkdir.

Hesab edirəm ki, Ərdoğanın yenidən seçilmək imkanları çox böyükdür. Bu, tək Ərdoğanın yox, Ərdoğanın varlığının Türkiyənin varlığı ilə eyni olduğunu başa düşən xalq kütlələrinin də işidir. Türk xalqı artıq ayılıb və yenidən əvvəlki müti günlərinə qayıda bilməz.

Onlar iqtisadi və sosial çətinlikləri bəhanə edib, milli varlıq davasından kənar durmazlar. Ümid edirik və əminik ki, Türk xalqı öz doğru seçimini edəcək. Son və həlledici beş ilə R.T.Ərdoğanın prezident seçilməsini təmin edəcək. Bu, Azərbaycan və Türkiyə üçün nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün bəs edəcək”.

Nərminə UMUDLU Poliqon.info