Rusiyada məmurların xaricə getməsinə məhdudiyyətlər qoyulub...

Kreml məmurların xaricə səyahətinə məhdudiyyətlərin sərtləşdirilməsini təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Prezidentin sözçüsü Dmitri Peskov Financial Times-a bildirib ki, müharibə başlayandan bəri Rusiya hakimiyyəti məmurların və dövlət qulluqçularının xaricə səyahətinə məhdudiyyətləri sərtləşdirib.

Nəşrin yazdığına görə, təhlükəsizlik xidmətləri dövlət idarələrinin və dövlət şirkətlərinin yüksək vəzifəli şəxslərin və dövlət müəssisələrinin rəhbərlərinin pasportlarını əllərindən alıb, orta səviyyəli məmurların da xaricə çıxışına məhdudiyyətlər qoymağa başlayıb. Bundan əlavə, FTX xaricə səyahət etmək üçün icazə almalı olan məmurların xüsusi məlumat bazasını formalaşdırmağa başlayıb.

Peskov Financial Times müxbirlərinə bildirib ki, xarici səyahət məhdudiyyətləri “həssas ərazilərdə” işləyənlər üçündür və bu məhdudiyyətlərin sərtliyi konkret iş sahələrdən asılıdır. Onun sözlərinə görə, bu qaydalar qismən rəsmiləşdirilib, qismən də “konkret işçilər haqqında konkret qərardan” asılıdır. “Xüsusi hərbi əməliyyat başlayandan bəri bu məsələyə daha çox diqqət yetirilir”, deyəKreml sözçüsü əlavə edib.

Qəzetin yazdığına görə, yüksək rütbəli məmurlardan, dövlət şirkətlərinin rəhbərlərindən, orta səviyyəli işçilərdən və hətta bəzi keçmiş məmurlardan pasportlar alınır. Mənbələr qeyd ediblər ki, məhdudiyyətlər konkret qurumdan asılıdır: əgər bəzi şöbələrdə xaricə səyahət orta səviyyəli işçilər üçün arzuolunmaz hesab edilirsə, digərlərində hətta yüksək vəzifəli məmurlar da məhdudiyyətsiz xaricə gedə bilərlər.

Böyük sənaye dövlət şirkətlərindən birinin rəhbərinə xüsusi icazə olmadan Moskvadan avtomobillə iki saatdan artıq məsafəyə getmək qadağan edilib.Digər bir misalda isə göstərilir ki, FTX əməkdaşları əvvəllər dövlət sirlərinə çıxışı olan, hətta bu məlumatlara heç vaxt icazə verilməyən şəxslərin pasportlarını geri verməyi tələb ediblər.

Martın əvvəlində “Sistema”nın araşdırma layihəsi bildirmişdi ki, dövlət qulluqçuları pasportlarını bəzi hallarda FTX-ya, bəzi hallarda isə iş yerlərindəki xüsusi şöbəyə təhvil verməyə borcludurlar. Ayrı-ayrı məmurlar sənədi verməkdən imtina etsələr, hədələnirlər. Bəzən isə məmurlara sadəcə olaraq xaricə istirahətə getməməyi tövsiyə edirlər.

Bundan əlavə, FTX ölkəni tərk etmək üçün xüsusi icazə almalı olan məmurların məlumat bazasını formalaşdirib, deyə The Moscow Times yazıb. Belə bir sistem hətta müharibədən əvvəl də mövcud idi, lakin müharibə başlayandan sonra bu qayda daha da sərtləşib.

Poliqon.info