“Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ən korrupsioner qurumdur” – Mütəxəssisdən ittihamlar 

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) fəaliyyətsizliyi ilə hər zaman diqqəti cəlb edib. Bu təşkilatın həmkarlar təşkilatlarına, tələbə təşkilatlarına dəstəyi sıfır səviyyəsindədir

Ümumiyyətlə, sosial hüquqların müdafiəsində AHİK və onun sədri Səttar Mehbalıyev tamamilə yararsızlığını sübut edib.

Hətta bir neçə il əvvəl qurumun inzibati binası qarşısında Qarabağ qazisi canına qıyaraq özünü yandırmış, AHİK-in onu bu həddə çatdırdığını bəyan etmişdi. Qazi həyatını itirdi, amma S.Mehbalıyev bu hadisədən sıyrılıb çıxa bildi. Çünki o zaman qudası Əli Həsənov yüksək vəzifə tuturdu. Bundan sonra da AHİK-in fəaliyyətində dəyişiklik olmadı. Qurum nə islahatlar apardı, nə fəhlələrin, tələbələrin, ayrı-ayrı kino-teatr, sənət adamlarının və müxtəlif təbəqələrdən olanların sosial haqlarının müdafiəsində hər hansısa iş gördü. Əksinə, böyük yeyinti ocağı kimi bu istiqamətdə fəaliyyətini genişləndirə bildi. Misal üçün sual oluna bilər ki, tələbələrdən hər ay tutulan 2 manat hara gedir? 100 mindən çox tələbənin verdiyi bu pul aylıq 200 min manatın toplanması deməkdir. Həmçinin, müxtəlif peşə sahibləri də bu “terrora” məruz qalırlar. Eyni zamanda, AHİK putyovkaların verilməsində ciddi maxinasiyalar həyata keçirir.

Bu mövzuda Tribunainfo.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirir ki, Həmkarlar İttifaqı Konfederasiyası Azərbaycanın ən korrupsioner qurumudur. Mütəxəssisin sözlərinə görə, həmin pul tələbələrdən ona görə tutulur ki, guya bütün tələbələr həmkarlar ittifaqlarının üzvüdürlər. “Bu pul da guya ki, üzvlük haqqı sayılır. Ancaq həmkarlar ittifaqlarına üzvlük könüllüdür. Həmin tələbənin üzvlük haqqında ərizəsi olmalıdır. Araşdırsanız heç bir tələbədə belə bir ərizə yoxdur, yazmayıb. Bu tutulmalar tamamilə qanunsuzdur. Bu pullar Həmkarlar İttifaqı Konfederasiyasına gedir və onlar da pulu hara xərcləyir, məlum deyil. Çünki şəffaflıq yoxdur, hesabat verilmir. Halbuki hesabat verməlidirlər. Onlar təkcə tələbələrdən deyil. Dövlət müəssisələrindən, idarələrdən, təşkilatlardan da bu haqqı tələb edirlər”,- deyə Ə.Həsənov vurğulayıb.

Ekspert xatırladır ki, 1999-cu ildə özü tələbə olanda da bu problem var idi: “Bu haqda yazdığım yazı qəzetdə də çap olunmuşdu. Bunun qanunsuz olduğunu elə o vaxt demişəm. Üstündən 25 ilə qədər vaxt keçib, ancaq yenə də o üzvlük pulu tələb edilir. Konfederasiya Azərbaycanın ən korrupsioner qurumudur”.

Poliqon.info