“Alibaba”nın qurucusu Çinə qayıdıb

Çinli sahibkar və dünya e-ticarət lideri “Alibaba” şirkətinin qurucusu Cek Ma bir ildən çox xaricdə yaşadıqdansonra Çinə qayıdıb...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, bu barədə bazar ertəsi öz mənbələrinə istinadən Çinin South China Morning Post qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Cek Ma “Alibaba”nın Baş Qərargahının yerləşdiyi Xançjou şəhərində təsis etdiyi məktəbə baş çəkib. Bildirilir ki, o, məktəbin müəllim və şagirdləri ilə görüşdə süni intellektə malik çatbotların tədris planı və innovativ texnologiyalarını müzakirə edib.

Qeyd edək ki, Cek Ma 2013-cü ildə “Alibaba”nın baş direktoru vəzifəsindən istefa verib, 2019-cu ildə isə sədr vəzifəsini tərk edib. Bundan sonra o, müxtəlif ölkələrə səyahət edib.

2020-ci ilin oktyabrında Cek Ma Çinin maliyyə sistemini tənqid edib və islahatlara çağırıb.

2021-ci il aprelin 10-da Çin hakimiyyəti antiinhisar qanunlarını pozduğuna görə “Alibaba”dan ölkənin korporativ tarixində ən böyük cərimənin 2,78 milyard dollar məbləğində toplandığını elan edib. Çinin antiinhisar tənzimləyicisinin sözlərinə görə, şirkət istehlakçını öz xidmətlərindən “seçim hüququ olmadan” istifadə etməyə məcbur etmək siyasətini həyata keçirib ki, bu da Çin elektron ticarət bazarının rəqabət mühitinə mənfi təsir göstərib.

Poliqon.info