Türkiyə Rusiya və Belarusdan gələn təyyarələrə texniki xidmət göstərməkdən imtina edib..

Türkiyə Rusiya və Belarusdan gələn Amerika təyyarələrinə yanacaq doldurmağı və onlara texniki xidmət göstərməyi dayandırıb…

Poliqon.info Türkiyənin “AirportHaber” profil nəşrinə istinadən xəbər verir ki, Türkiyə hakimiyyəti Rusiya və Belarusdan gələn Amerika istehsalı olan təyyarələrin yanacaqla doldurulmasını və texniki xidmət göstərilməsini qadağan etmək qərarına gəlib. Nəşrin məlumatına görə, qadağa yeddi Rusiya, bir Belarus və bir İran aviadaşıyıcısına şamil edilib.

İstanbulda təyyarəyə yanacaq verməkdən imtina “Kommersant” qəzetinin iki aviaşirkətdəki mənbələri tərəfindən təsdiqlənib. “Biz problemin həlli üzərində işləyirik”, deyə həmsöhbətlərdən biri qeyd edib.

Rusiyanın “Aeroflot” aviaşirkəti isə Türkiyə şəhərlərinə normal rejimdə, cədvəl üzrə, elan edilmiş uçuş proqramı çərçivəsində uçuşları həyata keçirdiyini bildirib.

AirportHaber materialında qeyd edilib ki, 25%-dən çox Amerika komponentlərini ehtiva edən və Rusiya və ya Belarusa gedən şəxsi, yük, kommersiya və çarter təyyarələri üçün yanacaqdoldurma və digər xidmətlər qadağandır. Türkiyə nəşrinin məlumatına görə, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu xüsusi məktubda müvafiq tədbirlərin görülməsində israr edib.

Xatırladaq ki, martın əvvəlində Türkiyə gömrük orqanları Aİ-nin sanksiya siyahılarında olan mallar üçün tranzit bəyannamələrini rədd etməyə başlayıb.

Poliqon.info