“Restoran qəhrəmanları”nın “zakaz” davası... - Və Vətən Müharibəsinin belə dəyişə bilmədiyi toplum...

“Ziyalısı” rusa, mollası farsa, “demokratı” ingilisə, fransıza sitayiş edən, öz xalqını, millətini, hətta doğma dilini bəyənməyən bir “elitaya” malik toplum gənc nəslə nə təklif edə, nə verə bilər ki?...

İkinci Qarabağ müharibəsindəki qələbədən sonra düşündük ki, cəmiyyətimiz müsbət istiqamətdə xeyli dəyişəcək. Çünki qalib toplum əlacsız, qisas alovuyla yanan, lakin əlindən bir şey gəlməyən əvvəlki toplum kimi olmayacaqdı.

Düşündük ki, cəmiyyətimizdəki münasibətlər sistemi yaxşıya doğru köklü surətdə dəyişəcək, televiziyalarımızdan, mətbuatımızdan, təhsilimizdən, səhiyyəmizdən tutmuş hüquq-mühafizə, məhkəmə, vergi, sosial müdafiə sistemimizə, dövlət-vətəndaş münasibətlərinə və nəhayət, bir-birimizlə münasibətimizə, davranışlarımıza qədər hər şey başqa cür olacaq. Ancaq nə yazıq ki, gözlədiyimiz heyrətamiz dəyişikliyin xırda qığılcımları yalnız müharibənin gedişində və qələbə günlərində bir qədər alovlanıb, dərhal da söndü. Müharibə bitdi, pis-yaxşı qələbəmizi bayram etdik, ardınca isə yenə biganəlik, haqsızlıq, təbəqləşmə, bayağılıq, dayazlıq, didişmə və sair...

Ötən gün Bakıdakı restoranların birində mahnı sifarişi vermək üstündə kütləvi dava baş verib. Bir nəfərin bıçaqlanaraq qətlə yetirildiyi, bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Mahnı üstündə, “zakaz” üstündə...

Bir çox digər əlamətlərlə yanaşı, həm də bu cür hadisələr bir daha göstərir ki, hələ də cəmiyyətin böyük hissəsi dəyişməyib. Nə müharibə, nə qələbə, nə müharibə günlərində göstərdiyimiz birlik, qardaşlıq nümunələri bizim çoxumuzu dəyişə bilməyib, yenə mənasız səbəblərdən bir-birimizə qəsd etməyə, qənim kəsilməyə hazırıq.

Əgər tarixi zəfərimiz, minlərlə Şəhid verdiyimiz Vətən Müharibəsi də cəmiyyətimizi silkələyə, dəyişə bilmədisə, deməli, problemin kökü daha dərində – psixologiyamızda, düşüncə tərzimizdə, təhsilimizdə, mediamızda, cəmiyyət daxili və dövlət-cəmiyyət münasibətlərinin mükəmməlikdən çox uzaq olmasında və saydıqca bitməyən digər məsələlərdədir.

Bunun nəticəsidir ki, milli natamamlıq bəlası yaxamızdan əl çəkmir. Təəssüf ki, hələ də özü üçün adi müraciət formasını müəyyənləşdirə bilməyən - “bəy”i bəyənməyən, “müəllim”i dəyərdən salan, ucuzlaşdıran, 21-ci əsrin ortalarına yaxınlaşsaq da, toylarda, restoranlarda oynamaq üstə dava salan, hətta mahnı “zakazına” görə bir-birini bıçaqlayan, canına siqaret çəkilən çayxanaların qoxusunu hopdurmuş, meyxana, “komedixana”, “patı”, “Prius” mədəniyyətli yeniyetmə, gənc nəsil yetişdirən toplumuq.

Bu, çox zaman heç də gənclərin öz seçimi deyil, orta və yaşlı nəslin onlara təklif etdiyi və verdiyi, gücü buna çatan həyat tərzi və gələcəkdir. Təəssüf ki, təkcə indi yox, demək olar, hər zaman belə olub. Zaman keçdikcə, hər gələn yaşlı nəslin cavan nəslə təklif etdiyi və verə bildiyi şeylərin siyahısı daralıb, zəifləyib, öləziyib. Bugünkü yaşlı nəslin özünün də vaxtilə özündən yaşlı nəsildən aldıqlarının siyahısı kasad olub...

Bir müddət əvvəl Hacı Şahinin dəfninə böyük bir kütlənin toplaşması və orada gənclərin üstünlük təşkil etməsi göstərdi ki, insanlarımız, gənclərimiz işıq axtarışındadır və onu tapmaqda böyük çətinlik çəkir. Hətta bu işıq zəif və qeyri-mükəmməl olsa belə, təki olsun. İnsanlarımız əsl mənada hörmət edib inanmaq istədiyi, yaxud inanıb hörmət etmək istədiyi şəxslərin, şəxsiyyətlərin, bir sözlə, “İŞIĞIN” çatışmazlığından əziyyət çəkirlər...

Gənclərimiz həmin işığı siyasi, sosial mühitdə, təhsildə, elmdə, mədəniiyyətdə, incəsənətdə və s. tapa bilmədiyi üçün din adamlarının, bəzən hətta yolunu “azaraq” radikal cərəyanların, qatı məzhəbçilərin təsiri altına düşür.

Çoxları bunu təhlükəli hesab edir və yəqin ki, haqlıdırlar. Ancaq hər halda, gənclərin daha çox fanatik dindarlar yox, daha müasir dünyügörüşlü din adamlarının ardınca getməsi onu deməyə əsas verir ki, hələ hər şey itirilməyib. Lakin itirə-itirə getdiyimizi də heç kim dana bilməz...

Uzun illər Mərkəzi Bankın rəhbəri olmuş, Azərbaycan iqtisadiyyatını, hökumətini, idarəetmə strukturunu, cəmiyyətini və s. daxildən və yəqin ki, dərindən tanıyan Elman Rüstəmovun özünün nikahdankənar oğluna “bu ölkədən qaç, gələcyi yoxdur” deməsi təsadüfi deyildi. Bu, təəssüf ki, hazırda əksər valideynlərin öz övladlarına başlıca tövsiyyəsidir.

Axı, talançıya, rüşvətxora “bacarana baş qurban” prinsipi ilə yanaşan, hətta simfonik orkestri, “Kukla teatrını” belə rüşvət mənbəyinə çevirməyi bacaran, Mədəniyyət naziri belə oğru, Milli Təhlükəsizlik naziri reket, digər iri məmurlarının da özünə görə “xidmətləri” olan, “ziyalısı” rusa, mollası farsa, “demokratı” ingilisə, fransıza sitayiş edən, öz xalqını, millətini, hətta doğma dilini bəyənməyən bir “elitaya” malik toplum uşağa, yeniyetməyə, gənc nəslə nə təklif edə, nə verə bilər ki?... (Cəlal Məmmədov, AzPolitika.info)

Poliqon.info