Avropa İttifaqı “xarici agentlər”lə bağlı öz qanununu hazırlayır...

Avropa İttifaqı “xarici agentlər”lə bağlı öz qanununu hazırlamağa başlayıb…

Poliqon.info xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, qanun ictimai təşkilatlardan Avropa İttifaqı xaricindən gələn maliyyə mənbələrini açıqlamağı tələb edəcək. Qəzetin yazdığına görə, normativ akt tez bir zamanda qəbul edilməyəcək. Qanunun hazırlanması ilkin mərhələdədir və bu ilin may ayına kimi yekunlaşmayacaq.

Politico nəşri Avropa İttifaqının daxili proseslərinə kənardan müdaxilə hallarının əhəmiyyətli dərəcədə artdığını qeyd edir. Buna misal olaraq Rusiyadan iddia edilən kiberhücumları və Çinin ictimai təşkilatlara ayırdığı qrantları göstərmək olar. İddia olunur ki, onlar insan haqları ilə bağlı diskursları dəyişdirməlidirlər.

Xatırladaq ki, Rusiya “xarici agentlər” haqqında qanunun qüvvəyə minməsindən sonra Avropa Birliyi Rusiya Federasiyası hökumətini dəfələrlə tənqid edib. Avropa rəsmilərinin fikrincə, bu qanun insan hüquqlarını pozur.

Qeyd edək ki, ötən həftə Gürcüstan parlamenti də “xarici agentlər” haqqında qanunun qəbuluna cəhd edib. Bu səbəbdən ölkədə iğtişaşlar başladı və qanun layihəsi geri götürüldü.

Poliqon.info