Ər-Riyad Səudiyyə neftinə qiymət tavanı təyin edən ölkələrə neft satmayacaq…

Ər-Riyad Səudiyyə neftinə yuxarı qiymət həddi tətbiq etmək qərarına gələn dövlətlərə neft ixracını dayandıracaq...

Poliqon.info xəbər verir ki, bu barədə Energy Intelligence nəşri Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səudə istinadən bildirib.

“Səudiyyə Ərəbistanı neftinin ixracı məhdudiyyətlər altına düşərsə, biz tədarükümüzə qiymət tavanı tətbiq edəcək heç bir ölkəyə neft satmayacağıq və neft hasilatını azaldacağıq”, deyə Energy Intelligence nazirin sözlərindən sitat gətirib.

Bu bəyanatla Əl Səud NOPEC (No Oil Producing and Exporting Cartels Act) adlı antikartel qanun layihəsinə reaksiya verib. Xatırladaq ki, sözü keçən qanunda ABŞ hakimiyyətinin OPEC üzvlərinə və onların tərəfdaşlarına qarşı antiinhisar iddiaları qaldırmaq hüququna malik olacağı bildirilir.

Nazirin sözlərinə görə, qanun layihəsinin qəbulu neft bazarında tələb və təklif balansının pozulmasına töhfə verəcək. Bu, həm də neft sənayesinə sərmayə qoyuluşuna da xələl gətirəcək.

Qeyd edək ki, 2022-ci ilin may ayında Konqresin Senatın Ədliyyə Komitəsi NOPEC antikartel qanun layihəsini təsdiqləyib. Bu qanun ABŞ məhkəmələrinə OPEC ölkələrinə və Vaşinqtonun fikrincə, neft bazarında kartel sövdələşmələrində iştirak edən digər dövlətlərə qarşı antiinhisar iddialarına baxmağa səlahiyyət verir.

Poliqon.info