Dövlət Komissiyası: 3492 itkinin ailə üzvlərindən 10 805 bioloji nümunə toplanıb

Artıq ictimaiyyətə məlumat verildiyi kimi, Dövlət Komissiyası BQXK ilə imzalanmış müvafiq çərçivə sazişinə uyğun olaraq I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işinə 2014-cü ildən etibarən başlayıb. BQXK ilə birgə icra edilmiş bu əhəmiyyətli layihə 2022-ci ilin dekabr ayında başa çatdırılıb.

Bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, hazırda 3492 itkinin ailə üzvlərindən 10 805 bioloji nümunə toplanıb: “Bu o deməkdir ki, işğaldan azad edilmiş ərazilərdə müəyyənləşdirilərək götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi üçün mütəxəssislərin sərəncamında kifayət qədər DNT materialı var. Ancaq sözsüz ki, iş prosesində zərurət yarandıqda qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə bioloji nümunələrin götürülməsi işi aparılacaq. Toplanmış bioloji nümunələr onlardan DNT profillərinin çıxarılması məqsədilə aidiyyəti üzrə laboratoriyaya təqdim edilib. Hazırda DNT profillərinin çıxarılması sahəsində zəruri işlər davam etdirilir”.

Poliqon.info