İranda səudiyyəliləri İsrailə qarşı açıq mövqe tutmağa çağırıblar

Martın 12-də İran Məclisinin iclasında Tehran və Ər-Riyad arasında münasibətlərin canlandırılması məsələsi müzakirə edilib…

Poliqon info xəbər verir ki, bu barədə Mehr Xəbər Agentliyinin məlumatında bildirilib. Agentliyin məlumatına görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpası ilə bağlı danışıb. Parlamentin sədri qeyd edib ki, ölkələr arasında etimadın yaradılması əməkdaşlığın inkişafı üçün zəruri şərtdir.

Qalibaf bildirib ki, Tehran regionda və Fars körfəzində sabitliyin və təhlükəsizliyin qorunmasının kənar dövlətlərin müdaxiləsi olmadan baş tutmasını istəyir. İran rəsmisi hesab edir ki, Tehranla Ər-Riyad arasında yaranan fikir ayrılıqları kənar dövlətlərin müdaxiləsinin nəticəsidir.

Qalibaf Ər-Riyad rəhbərliyini anti-İslam İsrail rejiminin təhlükələrinə qarşı ayıq-sayıq davranmağa və sionistlərlə əlaqələrinin normallaşdırılması planına qarşı qəti və aydın mövqe tutmağa çağırıb.

İran parlamentinin sədri Çin, İraq və Omana Tehran və Ər-Riyad arasında danışıqlarda mühüm rol oynadıqlarına görə təşəkkür edib.

Xatırladaq ki, 2023-cü il martın 10-da Səudiyyə Ərəbistanı və İran yeddi illik qarşıdurmadan sonra diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Çin iki ölkə arasında mübahisələrin həllində mühüm rol oynayıb.

Poliqon.info