Samir Əsədli: “Türkiyədə prezident və parlament seçkiləri çox gərgin keçəcək”

Bütün hallarda qərarı türk milləti, seçicilər verəcək...

Ancaq Parlamentdəki üstünlüyün müxalifətə keçməsi ehtimalı böyükdürTürkiyədə növbəti prezident seçkilərinə təxminən iki ay qalıb. Zaman azaldıqca mübarizə qızışmaqda, seçki öncəsi gərginlik artmaqdadır. Aylardır davam edən qızğın müzakirələrdən sonra nəhayət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu “Millət İttifaqı”nın prezident seçkilərindəki vahid namizədi elan olundu. 1948-ci il təvəllüdlü Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatıdır.

Prezident seçiləcəyi halda Kılıçdaroğlu “Millət İttifaqı”na daxil olan partiyaların liderlərini vitse-prezident təyin etməlidir. İttifaqda Cümhuriyyət Xalq Partiyası ilə yanaşı Səadət Partiyası, Yaxşı Partiya, Gələcək Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Demokrat Partiyası yer alır. Ötən həftə İYİ Partiyanın rəhbəri Meral Akşenerin “altılı masa”nı tərk etməsi, Kılıçdaroğlunun namizədliyinin dəstəkləməməsi aləmi bir-birinə vursa da, qısa zaman sonra sular durulmağa başladı. Akşener israrla bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Mansur Yavaşı önə sürsə də, müxalifətdə əksəriyyətin qəbul etdiyi Kılıçdaroğlu variantı ilə razılaşdı. İqtidar cəbhəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) başçılıq etdiyi “Cümhur İttifaqı” çoxdandır ki, artıq öz namizədini bəlli edib. Partiya sədri və hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan builki seçkilərdə yenidən iştirak edəcəyini ötən il açıqlayıb. Daha bir namizəd isə 2018-ci ildə prezident seçkilərində Ərdoğana uduzmuş Məmləkət Partiyasının sədri Məhərrəm İncədir. Amma İncə təkcə iqtidarın yox, müxalifətin də siyasəti ilə barışmır. Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, “altılı masa”ya daxil olan siyasi partiyaların “Millət İttifaqı”nda birləşməsinin əsas məqsədi Türkiyədə baş vermiş sistem dəyişikliyi ilə bağlıdır. Partiya təmsilçisi deyib ki, “altılı masa”da yer alan partiyalar Türkiyədə idarəetmənin əvvəlki sistemə, güclü parlament-üsul idarəsinə dönməsini istəyirlər:“İYİ Partiya sədri Meral Akşenerin son anda fikir ayrılığına düşməsi və söylədiyi tənqidi fikirlər onun “altılı masa”dan birdəfəlik ayrılacağı anlamına gəlmirdi. Məhz ona görə, qısa müzakirədən sonra Türkiyənin mühüm 6 siyasi partiyası yenidən eyni masa ətrafında əyləşdi. Ortaq şəkildə müxalifətin vahid namizədini elan etdilər. Təkcə 6 partiya deyil, digər siyasi təşkilatlar da CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəklədikləri yöndə açıqlamalar verirlər. Bu da onu göstərir ki, Türkiyədə prezident və parlament seçkiləri çox gərgin keçəcək”.

S.Əsədli bəyan edib ki, bütün hallarda qərarı türk milləti, seçicilər verəcək. Bizə sadəcə olaraq müşahidə etdiklərimizə əsaslanaraq, prosesləri ümumi şərh etmək qalır: “Müşahidə olunan odur ki, namizədlər arasında “Millət İttifaqı”nın vahid namizədi elan olunmuş Kamal Kılıçdaroğlunun şansı daha yüksək qiymətləndirilir. Çünki müxalif cameəsi tam olaraq Kılıçdaroğlu ətrafında cəmləşib. Seçki öncəsi keçirilən sorğularda da Kılıçdaroğlunun səs faizi yüksəkdir.

Parlamentdəki üstünlüyün müxalifətə keçməsi ehtimalı böyükdür. Təbii ki, indiki Prezident Rəcəb Tayyib Ərdoğanın da şansı çoxdur və dəstəkçisi kifayət qədərdir. Seçkilər ikinci tura qala bilər ki, bu da müxalifət üçün şans deməkdir. Ümumən, Türkiyədə son dönəmlər iqtisadi, maliyyə böhranları, inflyasiya yaşanmaqdadır. Həmçinin baş vermiş dəhşətli zəlzələ də siyasi proseslərə ciddi təsir göstərir və hazırkı hökumətin şansını nisbətən azaldır.Əgər müxalifət seçki öncəsi seçicilərlə yaxşı işləyə bilsə, son nəticəyə də təsir edə bilər. İYİ Partiya sədri M.Akşener üzərinə düşəni etdi. Yəni partiya maraqlarını ümumi maraqlara dəyişmədi və iddiasından geri çəkildi. Bu da mühüm siyasi nəzakətdir və həm də o deməkdir ki, insanlar özlərindən çox dövlətin, millətin gələcəyini düşünürlər”.

Poliqon.info