Gürcüstan parlamentinin spikeri prezidenti etirazları romantikləşdirməkdə ittiham edib

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili martın 9-da jurnalistlərə bildirib ki, prezident Salome Zurabişvilinin “xarici agentlər” haqqında qanun layihəsinə etirazları dəstəkləməsi zorakılığın romantikləşdirilməsidir…

Poliqon.info xəbər verir ki, sosial media səhifəsində nümayişçilərin polisin iğtişaş xəbərdarlığı sədaları altında rəqs etdiyini göstərən video yerləşdirən Zurabişvilini tənqid edib.

“Dünən prezidentin zorakılığı necə romantikləşdirdiyindən çox məyus oldum”, deyə Papuaşvili bildirib.

Parlamentin spikeri xatırladıb ki, etirazçılar tərəfindən davam edən zorakılıqlara görə polis asayişi bərpa etməlidir. Papuaşvili qeyd edib ki, Gürcüstan xalqı prezidentdən ölkə parlamentinin talanına dəstək deyil, sülh və zorakılıqdan əl çəkmə çağırışlarını gözləyir.

“Parlamentə zorla ziyan vurulanda, polisə hücum edildikdə və asayişi bərpa etmək üçün polis əməliyyatı gedəndə gürcü xalqı prezidentdən müəyyən bir romantizmlə polisə daha çox itaətsizliyi təşviq etməyi deyil, əksinə, hamını sülhə çağıracağını gözləyirdi”, Gürcüstan parlamentinin rəhbəri bildirib.

Poliqon.info