Rusiyanın hərbi cinayətləri və Pentaqon Ağ Evə qarşı...

Pentaqon Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair sübutların Haaqa məhkəməsinə təqdim edilməsini istəmir və Ağ Evin bu cəhdlərini bloklayır…

Pentaqon ABŞ kəşfiyyat orqanları tərəfindən toplanmış Rusiyanın Ukraynadakı cinayətlərinə dair sübutların ABŞ administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə ötürülməsinə mane olur.

Poliqon.info xəbər verir ki, The New York Times bu fikir ayrılıqlarından xəbərdar olan indiki və keçmiş məmurlara istinadən yazır.

Məlumatda qeyd olunur ki, Amerika hərbi rəhbərliyi Rusiya ordusunun Ukraynadakı hərbi cinayətlərinin Haaqa məhkəməsində araştırılmasına qarşıdır, çünki onlar məhkəmə prosesinin gələcəkdə ABŞ hərbiçilərini də məsuliyyətə cəlb edilməsinə kömək edəcək presedent yarada biləcəyindən ehtiyat edirlər.

Lakin buna baxmayaraq, Bayden Administrasiyasında hesab edirlər ki, bu çəlumatlar Beynəlxalq Məhkəməyə təqdim edilməlidir. Bu məsələdə Bayden Administrasiyasını kəşfiyyat agentlikləri, Dövlət Departamenti və Ədliyyə Nazirliyi medafiə edir və bu qurumlar rusların hərbi cinayətləri ilə bağlı sübutlarməhkəməyə təqdim edilməlidir.

The New York Times yazır ki, prezident Bayden bu vəziyyətlə bağlı qərar verməyib.

Qəzetin iddiasına görə, sübutlar Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın başlatdığı istintaqa ciddi kömək edə bilər.

Haaqa məhkəməsinə verilməyən məlumatlara Rusiya rəsmilərinin qəsdən mülki infrastruktura zərbələr endirmək və işğal olunmuş ərazilərdən minlərlə ukraynalı uşağı qaçırmaq qərarları ilə bağlı ABŞ kəşfiyyat orqanlarının topladığı materiallar daxildir.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci ildə 1998-ci il Roma Statusuna əsasən müharibə cinayətlərini, soyqırımı və insanlığa qarşı cinayətləri araşdırmaq üçün daimi orqan kimi yaradılmışdır. Rusiya və ABŞ bu məhkəmənin nizamnaməsini qəbul etməyiblər. Lakin 2022-ci ilin dekabrında ABŞ Konqresi Administrasiyaya Ukraynadakı müharibə ilə bağlı təhqiqata və məhkəmə proseslərinə yardım etmək səlahiyyəti verib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan fevralın sonunda Rusiyanın infrastruktur obyektlərini bombalamasını araşdırmaq üçün Ukraynaya səfər edib. Bu hücumlar nəticəsində yüzlərlə dinc sakin həlak olub, milyonlarla insan işıqsız və susuz qalıb.

Ötən ilin oktyabrında BMT-nin Ukraynadakı qanun pozuntularının araşdırılması üzrə Komissiyası fevral və mart aylarında Kiyev, Sumı, Xarkov və Çerniqov vilayətlərində törədilmiş hərbi cinayətləri təhlil edən ilk hesabatını dərc edib. Komissiya bildirib ki, sənədləşdirilmiş cinayətlərin böyük əksəriyyətinə görə məsuliyyət Rusiya hərbçilərinin üzərinə düşür.

Poliqon.info