Ombudsman 2022-ci il üzrə illik məruzəsini təqdim edib

Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva Milli Məclisdə hesabat verib...

İllik məruzədə hər il olduğu kimi ölkədə insan hüquq və azadlıqlarının qorunması istiqamətində keçirilmiş tədbirlər, hüquqi maarifləndirmə, elmi analitik işin nəticələri, o cümlədən beynəlxalq əlaqələr, cəmiyyət institutları ilə əlaqələr, Ermənistanın əzəli Azərbaycan torpaqlarında törətdikləri cinayətləri əks etdirən və beynəlxalq qurumlara təqdim edilən hesabatlar öz əksini tapıb.

Poliqon.info xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, Ombudsman haqqında Konstitusiyanın 14-cü maddəsinə uyğun olaraq Ombudsman ölkədə insan hüquqları barədə 2022-ci il üzrə illik məruzəsini hazırlayıb və Azərbaycan Prezidentinə təqdim edib:

"Bununla yanaşı məruzə Azərbaycan Respublikasının Milli Məclisinə, Nazirlər Kabinetinə, Ali Məhkəmə, Konstitusiya Məhkəməsinə və Baş Prokurorluğa göndərib.

Bu il illik məruzədə əmək, təhsil, sağlamlıq, sosial, hüquqların səmərəli təmini istiqamətində, o cümlədən əhalinin həssas qruplarının rifahının yüksəldilməsi üçün bir sıra təklif və tövsiyələr də öz əksini tapıb".

"Mən ümidvaram ki, dövlətimizin sosial iqtisadi durumu, o cümlədən büdcə nəzərə alınmaqla bu il və ya tədricən bu təkliflər öz həllini tapacaq. Bu da öz növbəsində əhalinin rifah halının yaxşılaşdırılmasında və dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək", - deyə Ombudsman fikrini yekunlaşdırıb.

Poliqon.info