İranda 5 mindən çox məktəbli kütləvi zəhərlənmənin qurbanı olub…

İranın 230 məktəbində təhsil alan 5 mindən çox uşaq ölkənin 25 vilayətində zəhərlənmənin qurbanı olub...

Poliqon.info xəbər verir ki, bunu məktəblərdə baş verən kütləvi zəhərlənmələri araşdıran parlament komissiyasının üzvü Məhəmməd Həsən Əsfari deyib. Bu barədə məlumatı ISNA Agentliyi yayıb.

“5 mindən çox məktəbli - oğlanlar və qızlar zəhərlənmənin qurbanı olublar. Ən yüksək statistika qızlar üçün, ən aşağı göstərici oğlanlar üçündir”, deyə ISNA Asfaridən sitat gətirib.

Qeyd edək ki, İranda məktəblilərin kütləvi zəhərlənməsi 2022-ci ilin noyabrında başlayıb. İlk hadisə Qum şəhərində qeydə alınıb, burada 18 qız zəhərlənib.

Baş Prokurorluq və Səhiyyə Nazirliyi hesab edir ki, zəhərlənmələr silsiləsi “kənar qüvvələrin” təşkil etdiyi məqsədyönlü aksiya ola bilər. İran parlamentində isə zəhərlənmələr Məhsa Əmininin polis tərəfindən saxlanılmasından sonra onun ölümü ilə əlaqədar başlayan son iğtişaşlarla əlaqələndirilib.

İran hakimiyyəti aylar ərzində ilk dəfə olaraq hadisələrin səbəbləri ilə bağlı açıqlama yayıb. Parlament hesab edir ki, əksər hallarda uşaqlar azotdan zəhərlənib.

Məktəblərdən birində zəhərlənməyə səbəb bibər qazı olub. Digər təhsil müəssisəsində isə məktəblilərin yaxınlıqda dayanan neft məhsulları olan çənlərdən məktəb ərazisinə daxil olan zərərli qazlardan hava yolu ilə zəhərləndiyi müəyyən edilib.

Poliqon.info