Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Prezidentinin təşəbbüsləri yüksək qiymətləndirilib

“Rusiya-Ukrayna müharibəsi ərzaq, dərman tədarükü ilə bağlı yeni problemlər yaradıb”.

APA-nın xəbərinə görə, bunu bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Əlcəzairin Baş naziri Ayman Benabderrahman bildirib.

Ayman Benabderrahman deyib ki, Əlcəzair hər zaman mehriban qonşuluğu dəstəkləyib: “Əlcəzair pandemiya dövründə peyvəndlərə bərabər çıxış təmin edilməsini dəstəkləyib və bu sahədə qlobal fonda da maliyyə dəstəyi verib. Əlcəzair BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyir”.

Əlcəzairin Baş naziri qeyd edib ki, beynəlxalq problemlər səyləri birləşdirməyi tələb edir.

Keniya Baş Nazirlər Kabinetinin katibi Musalia Mudavadi Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin peyvəndlərlə bağlı təşəbbüsünü dəstəklədiyini vurğulayıb.

Efiopiya Baş nazirinin müavini Demeke Mekonnen Hassen tədbirə dəvətə və qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, Azərbaycan xalqına təşəkkür edib. Efiopiyada 2022-ci ildə daxili münaqişə və bu münaqişənin həlli üçün danışıqlar nəticəsində saziş imzalandığını xatırladan Demeke Mekonnen Hassen bu sahədə təşəbbüsə dəstək verən ölkələrə təşəkkür edib: “Qoşulmama Hərəkatının institusional inkişafı önəmlidir. Efiopiya Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasını və bu sahədə yeni təşəbbüsləri dəstəkləyir. Mən bütün üzv ölkələri yeni qlobal çağırışlar fonunda Qoşulmama Hərəkatınun rolunun artırılması üçün səyləri artırmağa çağırıram”.

Serbiya Baş nazirin birinci müavini, xarici işlər naziri İvica Daçiç Azərbaycan Prezidentinə Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslərə görə təşəkkürünü çatdırıb: “Pandemiya bir sıra beynəlxalq strukturların effektivsizliyini ortaya qoydu. Bu yaxınlarda Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlər də bu sahədə lazımi addımların atılmasının vacibliyini ortaya qoydu. Pandemiya dövründə bir sıra ölkələr peyvənd tədarükündən imtina edirdi. Serbiya isə bir sıra Afrika ölkələrinə peyvəndlər çatdırdı. Buna görə də biz Azərbaycanın təşəbbüsünü inkişaf etməkdə olan ölkələrə yardım edilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyirik. Bizim fəaliyyətimiz çoxvektorlu olmalıdır. Biz birgə iqlim dəyişikliyi, su çatışmazlığı problemi ilə birgə mübarizə aparmalıyıq”.

İvica Daçiç nəzərə çatdırıb ki, Avropa İttifaqının dəstəyi ilə Serbiya Kosova ilə sülh danışıqları aparıb: “Qoşulmama Hərəkatı hər zaman Serbiyanın dəstəyinə əmin ola bilər, biz bütün dünyada sülhü bərpa etmək üçün səyləri birləşdirməliyik”.

Belarus Baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın pandemiya ilə birgə mübarizə sahəsində təşəbbüsünü yüksək dəyərləndirib: “Pandemiya dünya birliyinin birgə çağırışlar qarşısında nə dərəcədə həmrəy olduğunu ortaya qoydu. Təəssüf ki, peyvənd müharibəsinin şahidi olduq. Səhiyyə sahəsində də problemlər üzə çıxdı. Belarus Prezidenti Alesandr Lukaşenko bildirib ki, pandemiya milli dövlətlərin güclü olmasının zəruriliyini ortaya qoydu. Belarus sərhədləri bağlamadı, daxili resurslarını səfərbər etdi. Belarus total karantinə getmədi. Bizim unikal metodumuz effektivliyini ortaya qoydu. Belarusun fəaliyyəti beynəlxalq təşkilatlar səviyyəsində yüksək qiymətləndirildi. Bu gün ən kiçik rayonda belə infeksiya ilə mübarizə bölməsi, yaxud bu sahədə kiçik xəstəxanalar var. Pandemiyanın əsas dərsi odur ki, səhiyyə büdcə üçün yük deyil, istənilən dövlətin dayanıqlığı üçün mühüm amildir. Belarus bundan sonra da milli səhiyyə sistemini dəstəkləməyə davam edəcək. Belarusda hər bir vətəndaş bir gün hərtərəfli müayinədən keçə bilər”.

İqor Petrişenko Qoşulmama Hərəkatının üzvləri ilə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Poliqon.info