İran üçün alternativ ancaq monarxiya və Pəhləvi sülaləsidir?

Nəzəri cəhətdən olsa belə, İranda monarxiyanın bərpasını və Pəhləvilərin yenidən hakimiyətə gəlməsini nə qədər mümkün hesab etmək olar?

Azər Qasımov: “Pəhləvi rejiminin İranın türk, ərəb, kürd əhalisi arasında heç bir dayağı yoxdur, hətta vaxtilə bu rejimə nifrət olub”.

“Hansısa bir rejim dəyişməlidirsə, hakimiyyətə orta əsrlərdəki kimi şahın varisləri yox, demokratik seçki ilə xalq tərəfindən seçilən bir insan gəlməlidir”.

Bu sözləri politoloq Azər Qasımov Qərbin İran planını Poliqon.info-a şərh edərkən qeyd edib.

Qərbin ən böyük hədəfinin İranda rejim dəyişikliyinə nail olmaq olması artıq açıq görünür. Buna görə Qərbdə İrandakı rejimə alternativlərin axtarışları intensivləşib. Belə görünür ki, indik molla rejiminə alternativ olaraq Qərb ancaq bərpasını görür və ABŞ-da yaşayan Rza Pəhləvinin bu səbəbdən fəallaşmasını müşahidə olunur. Bildiyimiz kimi o əvvəlcə Vaşinqtonda forum keçirdi, bir neçə gün sonra Münhen Təhlükəsizlik Konfransına dəvət olundu.

Nəzəri cəhətdən olsa belə, İranda monarxiyanın bərpasını və Pəhləvilərin yenidən hakimiyətə gəlməsini nə qədər mümkün hesab etmək olar? Digər tərəfdən İranda mollalara və Pəhləvilərə alternativ olacaq bir güc mərkəzi müşahidə olunurmu?

İranda baş verən prosesləri Poliqon.info-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Pəhləvilərin İranda uğursuzluğa düçar olacağını əvvəlcədən bildiyi halda, məqsədli şəkildə belə addım atmaqla Qərbin əslində İranda molla rejiminə dəstək olması kimi, görüntü yaranır”.

Azərbaycanlılar arasında liderlik etmək iddiasında olan insanların olduğunu nəzərə çatdıran politoloq bildirib ki, bu insanlar uzun illərdir ki, İrandan kənarda yaşayırlar:

“Qərbin məqsədinin molla rejimini dəyişmək olsa idi, Pəhləvini ortaya çıxarmazdı. Əvvəla hansısa bir rejim dəyişməlidirsə, hakimiyyətə orta əsrlərdəki kimi şahın varisləri yox, demokratik seçki ilə xalq tərəfindən seçilən bir insan gəlməlidir. Bundan əlavə Pəhləvi rejiminin İranın türk, ərəb, kürd əhalisi arasında heç bir dayağı yoxdur, hətta vaxtilə bu rejimə nifrət olub. İndi belə bir rejimin yenidən hakimiyyətə gətirilmək istənilməsi əslində əvvəlcədən uğursuzluğa düçar olmaq deməkdir. Bunları bildiyi halda, yəni Pəhləvilərin İranda uğursuzluğa düçar olacağını əvvəlcədən bildiyi halda, məqsədli şəkildə belə addım atmaqla Qərbin əslində İranda molla rejiminə dəstək olması kimi, görüntü yaranır.

Pəhləvilərin yenidən hakimiyyətə gətirilməsinin heç bir sosial dayağı olmadığı kimi hüquqi dayağının da olmadığı aydın olur. İran rejiminin getməsi ancaq orda yaşayan Azərbaycan türklərinin istəyinə bağlıdır. Azərbaycanlılar istəsələr molla rejimini devirərlər. Təbii ki, azərbaycanlılar arasında liderlik etmək iddiasında olan insanlar vardır. Bu insanlar uzun illərdir ki, İrandan kənarda yaşayırlar.

İran daxilində də Abbas Lisani kimi fəallar da mövcuddur. Amma bu insanların güc mərkəzi kimi ortaya çıxması mümkün deyil. Hesab edirəm ki, istər Cənubi Azərbaycanın, istərsə də Şimali Azərbaycanın indiki geosiyasi durum üçün güc mərkəzi kimi tək lideri olmalıdır. Bu lider rolunda yalnız Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxış etməlidir”.

Nərminə UMUDLU Poliqon.info