“Güney Qafqazda ciddi geopolitik rəqabət gedir” - Oktay Qasımov

Lavrovun Ermənistana getmədən, Azərbaycana səfər etməsi gözlənilir...

Politoloq: “Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində artıq məlum idi”.

“Ermənistan Fransanın təhriki ilə bölgədə missiyanı yerləşdirməklə Rusiyaya qarşı cinahda yer aldığını göstərdi”.

Bu sözləri politoloq Oktay Qasımov Rusiya xarici işlər nazirinin Azərbaycana gözlənilən səfərini Poliqon.info-a şərh edərkən qeyd edib.

Fevral ayının 27-28-də Lavrovun Azərbaycana səfəri gözlənilir. Münhen Təhlükəsizlik Konfransından sonra Rusiya xarici işlər nazirinin kritik Bakı səfəri nədən xəbər verir? Eyni zamanda adətən, Lavrov regiona səfər edəndə Ermənistandan sonra Azərbaycana gəlirdi. Bu dəfə yalnız Azərbaycana səfər edəcək və ehtimal ki, Ermənistana səfər reallaşmayacaq. Demək olarmı ki, Moskva ilə İrəvan arasında münasibətlərin korlanması artıq pik həddədir?

Rusiya-Ermənistan münasibətlərinin son vəziyyətini Poliqon.info-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Moskva anlamalıdır ki, məhz bu gün Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşməsinin də, bölgədə gərginliyin yaranmasının əsas səbəbkarı özləridir”.

Rusiyanın açıq şəkildə bu missiyanın bölgədə yerləşdirilməsini Moskvanın Güney Qafqazdan çıxarılması kimi dəyərləndirdiyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, buna görə də Lavrovun Azərbaycana nəzərdə tutulan səfəri gözlənilən idi:

“Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində artıq məlum idi. Lavrovun Azərbaycana səfərinin məqsədi bəllidir. Lavrovun səfəri zamanı Güney Qafqazdakı durum, Azərbaycan-Ermənistan arasındakı normallaşma sürəci ilə bağlı məsələlər, daha doğrusu sülh danışıqları məsələsi, Rusiyanın təklifləri və o cümlədən Avropa İttifaqının Ermənistana göndərdiyi mülki missiyası ilə bağlı məsələlər əlbəttə ki, gündəmdə olacaq.

Xüsusilə, Rusiyanı tələsdirən məqamlardan biri ondan ibarətdir ki, Avropa İttifaqının mülki missiyası artıq uzun müddətdə, özü də say tərkibi daha çox olaraq Ermənistanda yerləşir. Bu mülki missiya adlansa da, əslində onun tərkibi mülki şəxslərdən deyil, keçmiş hərbiçilər, kəşfiyyatçılar, həmçinin gün xidmət edən jandarmalar, polislər və digər peşə sahiblərindən formalaşıb. Bu da Ermənistanda hərbi baza və sərhəd qoşunlarına malik olan Rusiyanı kifayət qədər narahat edir.

Güney Qafqazda ciddi geopolitik rəqabət gedir. Rusiya açıq şəkildə bu missiyanın bölgədə yerləşdirilməsini Moskvanın Güney Qafqazdan sıxışdırılıb çıxarılması kimi dəyərləndirir. Buna görə də Lavrovun Azərbaycana nəzərdə tutulan səfəri gözlənilən idi. Çünki Rusiya bölgədə dominant rolda çıxış edən bir güc olaraq buradakı bütün prosesləri öz nəzarəti altında saxlamaq istəyir. Moskva bölgədə onun iradəsindən kənar hansısa bir prosesin getməsi ilə razılaşmadığını göstərmək istəyir.

Oktay Qasımov: “Rusiya bölgədə dominant rolda çıxış edən bir güc olaraq buradakı bütün prosesləri öz nəzarəti altında saxlamaq istəyir”.

Digər tərəfdən Rusiya 10 noyabr üçtərfli bəyanatın qarant tərəfi olaraq istəyir ki, prosesləri bir formada idarə etsin. Amma Moskva anlamalıdır ki, məhz bu gün Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşməsinin də, bölgədə gərginliyin yaranmasının əsas səbəbkarı onlardır. Çünki Rusiya öz imzasına hörmət etmədi və 10 noyabr üçtərfli bəyanatın şərtlərinin tam şəkildə yerinə yetirilməsini Ermənistandan tələb etmədi. Bu da bu günkü gərginliklərə gətirib çıxardı.

Rusiya və Ermənistan arasında münasibətlər onsuz da gərgindir. Son 4-5 ayda bu açıq şəkildə özünü göstərməkdədir. Ermənistan həm 2020-ci ilin 44 savaşı zamanı, həm də ondan sonrakı dövrdə sərhəddə törətdiyi təxribatlar zamanı Rusiyanı, eyni zamanda KTMT-ni fəaliyyətsizlikdə ittiham etdi. Ermənistan hesab edirdi ki, onun törətdiyi təxribatlarda həm Rusiya, həm də KTMT onların yanında Azərbaycana qarşı savaşmalıdır. Bunlar olmadığına görə Ermənistan Rusiyadan mümkün qədər aralanmağa və Avropaya meyillənməyə başladı. Həmçinin Rusiya ilə münasibətlərdə kəskinləşmə baş verdi. Faktiki olaraq Qarabağda yerləşən Rusiya sülhməramlıları hədəfə çıxarıldı. Bundan başqa KTMT ilə bağlı kifayət qədər ciddi iradlar səsləndirildi.

Nəticədə noyabr ayında İrəvanda keçirilən KTMT toplantısında Ermənistan yekun bəyannaməyə imza atmaqdan imtina etdi. Ardınca 2023-cü ildə Ermənistanın ərazisində keçirilməsi nəzərdə tutulan KTMT təlimlərini ləğv etdi. Sonra isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 23 dekabrda Rusiyanın təklif etdiyi üçtərfli görüşdən imtina etdi. O zaman Azərbaycanın xarici işlər naziri Rusiyada Lavrovla ikilikdə görüş keçirdi.

Oktay Qasımov: “Moskva imkanı olacağı halda Yerəvandan qisas almağa çalışacaq”.

Göründüyü kimi onsuz da Ermənistanla Rusiya arasında münasibətlər kifayət qədər gərgindir. Artıq noyabr ayından başlayaraq həm Ermənistan, həm Rusiya tərəfindən rəsmi şəxslərin dili ilə bu münasibətlərin kəskinliyi ortaya çıxdı. Peskovun, Zaxarovanın, o cümlədən Lavrovun açıqlamalarında bunu gördük. Ermənistan və Rusiya arasındakı münasibətlər artıq diplomatik etiket çərçivəsindən çıxıb. Bu gərginliyi artıq malalamaq olmur. Çünki gərginlik açıq şəkildə özünü göstərir.

Ermənistan Fransanın təhriki ilə bölgədə missiyanı yerləşdirməklə Rusiyaya qarşı cinahda yer aldığını göstərdi. Təbii ki, Rusiya da mümkün qədər buna müqavimət göstərir. Moskva imkanı olacağı halda Yerəvandan qisas almağa çalışacaq”.

Nərminə UMUDLU Poliqon.info