Cənubi Qafqazda Qərbin vasitəçiliyi ilə sülhə nail olmaq mümkündür?

Artıq Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında geosiyasi savaş başlayıb və bu savaş getdikcə daha çox açıq xarakter alır...

Politoloq: “Azərbaycan-Ermənistan aspektindən Münhen görüşünü tarixi görüş adlandırmaq düzgün olmazdı. Çünki iki ölkə arasında belə görüşlər çox olub”.

“Qərb çox çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olsun. Ancaq Qərbin də əsas məqsədi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması deyil”.

Bu sözləri politoloq Əhəd Məmmədli Cənubi Qafqazda geosiyasi savaş başladığı bir vəziyyətdə Qərbin vasitəçiliyini Poliqon.info-a şərh edərkən qeyd edib.

Fevralın 18-də Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistan rəhbərləri təxminən 3 ay yarımlıq fasilədən sonra bir araya gəldilər. Budəfəki görüş ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə baş tutdu və görüşdən sonra açıqlama verən İlham Əliyev danışıqları konstruktiv adlandırdı. Digər tərəfdən isə Rusiya rəsmiləri Qərbi Moskvanı artıq Cənubi Qafqazdan çıxarmaq niyyətində olmasında ittiham edir. Bu hər şeydən əvvəl Rusiyanın Avropa İtifaqının mülki missiyasının iki il müddətində Ermənistanda yerləşdirilməsi fonunda baş verir. Yəni artıq Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında geosiyasi savaş başlayıb və bu savaş getdikcə daha çox açıq xarakter alır.

Qərbi Münhen Konfransındakı tarixi görüş nə vəd edir? Ümumiyyətlə, Cənubi Qafqazda geosiyasi savaş başladığı bir vəziyyətdə Qərbin vasitəçiliyi ilə sülhə nail olmaq mümkündür?

Mövzunu Poliqon.info-un əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “İstər Qərbin, istərsə də Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına nail olması mümkündür. Ancaq Ermənistan Azərbaycanın şərtlərini qəbul etməlidir”.

Qərbin əsas məqsədinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasının olmadığını nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, onların əsas məqsədi Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır:

“Azərbaycan-Ermənistan aspektindən Münhen görüşünü tarixi görüş adlandırmaq düzgün olmazdı. Çünki iki ölkə arasında belə görüşlər çox olub. Münhen görüşü İlham Əliyevlə Nikol Paşinyan arasında olan debatla yadda qaldı.

Münhen görüşü soyuq müharibədən sonra Qərb-Rusiya qarşıdurmasının pik nöqtəsi idi. Bu görüşə qədər Lavrov Azərbaycan və Ermənistan liderlərinin görüşdürmək istədi. Amma bu baş tutmadı, çünki Ermənistan tərəfi bur görüşdən imtina etdi. Amma ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşü baş tutdu. Bu aspektdə Münhen görüşünün önəmliliyi var.

Görüşdə də Azərbaycan maksimum öz güzəştlərini dedi. Eyni zamanda prezident Ermənistanın sülhə bir addım geri getdiyini bəyan etdi. Amma Ermənistan lideri yenə də öz fikirlərində qaldığını vurğuladı. Düşünürəm ki, istər Qərbin, istərsə də Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına nail olması mümkündür. Ancaq Ermənistan Azərbaycanın şərtlərini qəbul etməlidir.

Əhəd Məmmədli: “Ermənistanla nəticə əldə etmək üçün “Dəmir yumuruq” yenə də işə düşməlidir”.

Ermənistan yenə də Azərbaycanın şərtlərini qəbul etmir. Belə olan halda da bunun bir yolu var. O yol da sülhə məcbur etmə yoludur. Necə ki, biz bunu Qarabağ məsələsində etdik, indi də sülh məsələsində etməliyik. İstər Qarabağda, istərsə də Azərbaycanla Ermənistanın müəyyən olunmamış ərazilərində hərbi əməliyyatlar keçirməliyik. Beləliklə də, düşmənə ciddi olduğumu göstərməliyik ki, onlar da şərhlərimizi qeyri-şərtsiz qəbul etməyə hazır olsunlar.

Vasitəçilər vasitəsilə yenə də görüşlər keçiriləcək. Amma bunun nəticəsi olmayacaq. Ermənistanla nəticə əldə etmək üçün “Dəmir yumur” yenə də işə düşməlidir.

Qərb çox çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olsun. Ancaq Qərbin də əsas məqsədi Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması deyil. Onların əsas məqsədi Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır. Biz bunu da nəzərə almalıyıq. Buna görə də hər sülh müqaviləsi təkliflərinə ehtiyyatla yanaşmalıyıq. Əsas olaraq öz şərtlərimizin yerinə yetirilməsi üçün çalışmalıyıq”.

Nərminə UMUDLU Poliqon.info