Vaşinqton: Rusiya nefti sata bilmədiyi üçün hasilatını azaldır

Mart ayından neft hasilatının sutkada 500 min barel azaldılması faktını ötən cümə günü baş nazirin müavini Aleksandr Novak açıqlayıb...

ABŞ Maliyyə Nazirliyinin katibinin köməkçisi Ben Harris cümə axşamı bildirib ki, Rusiya hökuməti tərəfindən elan edilən xam neft hasilatının sutkada 500 min barel azaldılması yanacaq qiymətlərini artırmaq məqsədi daşımır, bu, Rusiyanın bütün neft hasilatını sata bilməməsini əks etdirir.

Poliqoninfo xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

“Argus Americas Crude” Sammitində Harris Reuters Agentliyinə deyib: “Onlar hasilatı neft və neft məhsullarından silah kimi istifadə etmək istədikləri üçün deyil, nefti sata bilmədiklərinə görə azaldırlar”.

Qeyd edək ki, mart ayından neft hasilatının sutkada 500 min barel azaldılması faktını ötən cümə günü baş nazirin müavini Aleksandr Novak açıqlayıb. Son aylarda Rusiya gündə təxminən 9,8-9,9 milyon barel neft hasil edir. Enerji şirkəti “Chevron Corp”un vitse-prezidenti Kolin Parfitt sammitdə deyib ki, belə ixtisarların əhəmiyyətli olub-olmaması hələ aydın deyil. Kolin Parfitt Reuters Agentliyinə bildirib ki, bazar gözləmə mövqeyindədir.

“British Petroleum”un baş iqtisadçısı Maykl Koen deyir ki, neft hasilatına qoyulan bu cür məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi və ya logistik çətinliklərə görə tamamilə dayandırılacağı da bəlli deyil.

Reuters qeyd edir ki, Rusiya sanksiyalara baxmayaraq, nefti xaricə, o cümlədən Çin və Hindistana endirimlə satır. Buna baxmayaraq, Ben Harris əmin edir ki, sanksiyaların məqsədlərinə, yəni bazarda sabitliyin qorunması və Rusiyanın gəlirlərinin azaldılmasına nail olunub.

Novak neft hasilatının azaldılması qərarını “könüllü” adlandırıb. Avropa Komissiyası da bu qərarın səbəbinin sanksiyalar olduğunu bildirib. Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson deyib ki, “Onların istehsal həcmini saxlamaq imkanları yoxdur, çünki lazımi texnologiyalara çıxışları yoxdur”.

Fevralın 5-də Rusiya neft məhsulları üçün qiymət tavanının qüvvəyə minməsindən sonra ilk günlərdə Rusiyanın yanacaq ixracı üçdə bir azalıb. Bununla bağlı Bloomberg qeyd edib ki, təchizat gələcəkdə bərpa oluna bilər.

Xatırladaq ki, Avropa sanksiyaları və neftin qiymətinin tavanı dekabr və yanvar aylarında büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Tərcümə Poliqon-a aiidir

Poliqon.info