Rusiya İŞİD-in əli ilə ABŞ-ın MDB məkanında terror törədəcəyini iddia edir... - Həqiqət ola bilər?

Rusiya Xarici Kəşfiyyat İdarəsi Rusiyada və MDB ölkələrində ABŞ-ın terror aktları törədəcəyilə bağlı məlumat yayıb...

Politoloq: “Mənim Rusiya Xarici Kəşfiyyat İdarəsinin bu iddiasına gülməyim gəlir. ABŞ terror dövləti deyil və terrorla məşğul olmur”.

“Kəşfiyyat orqanlarının bu tip məlumatları yaymaqda məqsədi rəqibin müttəfiqlərinə, rəqibə rəğbət bəsləyən dövlətlərə ideoloji və siyasi təsir göstərməkdir”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiya Xarici Kəşfiyyat İdarəsinin Rusiyada və MDB ölkələrində ABŞ-ın terror aktları törədəcəyi iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Bir neçə gün əvvəl Rusiya Xarici Kəşfiyyat İdarəsi Rusiyada və MDB ölkələrində ABŞ-ın terror aktları törədəcəyilə bağlı məlumat yayıb. Rusiya kəşfiyyatı iddia edib ki, bunun üçün ABŞ Suriyada İŞİD üzvlərini hazırlaşdırır və tezliklə onlar Rusiya və MDB ölkələrinə göndəriləcəklər.

Bu iddaları necə dəyərləndirmək olar və bu iddalarda həqiqət payı ola bilərmi? Ümumiyyətlə kəşfiyyat orqanları bu tip məlumatları yayarkən hansı məqsəd güdürlər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Əgər ABŞ-ın terror aktları törədəcəyi xəbərini Rusiya yayıbsa, bu xəbərin altında gizli mətləblərin olduğunu mütləq başa düşmək lazımdır”.

İŞİD-ın bir təhlükə kimi Suriyada, İraqda hələ də müəyyən qədər özünü göstərə bildiyini vurğulayan politoloq bildirib ki, bütövlükdə İŞİD-ın böyük coğrafi məkanda terrorlar törətmək imkanı yox dərəcəsindədir:

“Mənim Rusiya Xarici Kəşfiyyat İdarəsinin bu iddiasına gülməyim gəlir. ABŞ terror dövləti deyil və terrorla məşğul olmur. Əgər hansısa ölkə ərazisində terror təhlükəsi olarsa, onun haqqında da həmin ölkələrə yəqin ki, məlumat veriləcək. Əgər ABŞ-ın terror aktları törədəcəyi xəbərini Rusiya yayıbsa, bu xəbərin altında gizli mətləblərin olduğunu mütləq başa düşmək lazımdır.

Suriyada baş verən zəlzələdən sonra bəzi İŞİD üzvləri həbsxanadan qaçıblar. Onlar dəstələr düzəldib bir neçə terror hadisələri törədiblər. Amma onların geniş miqyasda terror törəmələri, hərbi əməliyyatlar keçirməsi qeyri-mümkündür. Çünki onların nə sıraları böyüyüb, nə də əllərində ciddi silahları yoxdur.

Qabil Hüseynli: “Rusiya Kəşfiyyat İdarəsinin bu iddiasını heç bir əsası olmadığını ciddi araşdırmalarla sübut etmək olar”.

İŞİD bir təhlükə kimi Suriyada, İraqda müəyyən qədər özünü göstərə bilər. Amma bütövlükdə İŞİD-ın böyük coğrafi məkanda terrorlar törətmək imkanı yox dərəcəsindədir. Xatırladım ki, Türkiyə ilə bağlı da belə bir iddia ortaya atılmışdı. Amma bu iddialar özünü doğrultmadı. Güman edirəm ki, Rusiya Xarici Kəşfiyyat İdarəsinin bu iddiası da özünü doğrultmayacaq.

Kəşfiyyat orqanları bu tip məlumatları yaymaqda məqsədi rəqibin müttəfiqlərinə, rəqibə rəğbət bəsləyən dövlətlərə ideoloji və siyasi təsir göstərməkdir. Bu formadan istifadə edərək, ola bilsin ki, özləri də hansısa təxribatları törədib, kimlərinsə boynuna ata bilərlər. Amma Rusiya Kəşfiyyat İdarəsinin bu iddiasını heç bir əsası olmadığını ciddi araşdırmalarla sübut etmək olar. Məsələn İŞİD deyilən qüvvə demək olar sıradan çıxarılıb. Onun yenidən cana, qana gəlməsi demək olar ki, qeyri-mümkündür”.

Nərminə UMUDLU Poliqon.info