"Himayədar ailə" modelinin tətbiqi işlərinə dair iclas olub

Ölkəmizdə “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilməklə mütərəqqi yanaşmalar əsasında dolğun normativ hüquqi baza yaradılır...

Poliqon.info xəbər verir ki, bu barədə qeyd olunan modelin tətbiqinə hazırlıq işlərinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən iclasda bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli himayədar ailə institutunun tətbiqi sahəsində aparılan işləri qeyd ediib. O, övladlığagötürmə sahəsində olduğu kimi, himayədar ailə institutunun tətbiqi işlərində də uşaqların maraq və mənafelərinin üstün tutulmasının prioritet təşkil edəcəyini vurğulayıb.

Bildirilib ki, bu sahədə idarəçilik və xidmətlərin də elektron sistem üzərində müasir, operativ və şəffaf təşkili diqqətə saxlanılır. Himayədar ailə olmaq istəyən ailələrin və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılması təmin ediləcək.

İclasda müvafiq sahədə normativ hüquqi bazanın yaradılması, himayədar ailə mexanizminin tətbiqi ilə bağlı nazirliyin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin yeni funksional imkanlar əlavə olunmaqla təkmilləşdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

poliqon.info