Rusiya strateji bombardman təyyarələrinin mühəndisi ABŞ-a sığınıb…

Rusiyanın Tu-160 strateji bombardmançı təyyarələri ilə işləyən mühəndis ABŞ-dan sığınacaq istəyib…

Ötən il dekabrın sonunda rusiyalı mühəndis ailəsi ilə Meksikadan zirehli ciplə ABŞ-a gedib. Həmin şəxs sərhədçilərə Rusiyanın Tu-160 strateji bombardmançıları istehsal edən fabrikdə işlədiyini, ABŞ hökumətini maraqlandıran məlumatlara malik olduğunu deyib və sığınacaq istəyib.

Poliqon.info xəbər verir ki, bu barədə Yahoo News nəşri ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin hesabatına istinadən yazıb.

Məlumatda qeyd olunur ki, həmin şəxs əvvəlcə Aleksey Navalnıya dəstək aksiyalarında iştirak etdiyinə görə təqiblərdən qorxduğunu qeyd edib. Daha sonra o, ABŞ hökumətini maraqlandıran məlumatlara malik olduğunu deyib. O, Rusiyada mühəndis olduğunu, 2018-2021-ci illərdə Kazanda Tupolev təyyarə zavodunda işlədiyini, orada Tu-160-ın inşasında iştirak etdiyini bildirib.

Təxminən həftə yarım ərzində Daxili Təhlükəsizlik Departamenti və Sərhəd Nəzarəti Xidməti həmin şəxsin kimliyini və onun keçmiş iş yerini yoxlayıb. Yahoo News-un iki həmsöhbətinin dediyinə görə, yanvarın 11-də o, ABŞ üçün etibarlı və potensial maraq kəsb edən şəxs hesab edilib, bundan sonra FTB tərəfindən sorğu-sual edilib.

Qəzetin yazdığına görə mühəndis hazırda ABŞ-da qalır və hələ də Amerika rəsmiləri tərəfindən dindirilir. O, çox güman ki, Tu-160 strateji bombardman təyyarələri ilə bağlı Amerikanlara qiymətli məlumatlar verir.

ABŞ hökumətindəki mənbələr Yahoo News-a bildiriblər ki, mühəndis sərhədi keçdikdən qısa müddət sonra ABŞ kəşfiyyat orqanları onun işini müzakirə edən bir neçə gizli brifinq keçiriblər.

ABŞ hərbi kəşfiyyatının yüksək rütbəli rəsmisi isə Yahoo News-a bildirib ki, Tu-160 haqqında məlumatlar, xüsusən də onun mümkün modifikasiyaları Vaşinqton üçün dəyərli məlumat ola bilər.

“Xüsusən də Tu-160 strateji bombardman təyyarələrinin hipersəs raketlərini daşıya bilməsi haqda məlumatlar ABŞ üçün çox dəyərli ola bilər”, deyə Yahoo News-un mənbəsi bildirib.

Poliqon.info