Aİ Rusiyanı vergi yurisdiksiyalarının “boz siyahısı”na daxil edib

“Boz siyahı”ya blokun maliyyə əməliyyatlarına nəzarət məsələlərinin olduğu ölkələr daxildir...

Avropa Birliyi vergi yurisdiksiyalarının “boz siyahısı” adlanan vergi hüquqi bazasını yeniləyib. Rusiya, Britaniyanın Virgin adaları, Marşal adaları və Kosta-Rikanı da bu siyahıya əlavə edilib.

Poliqon.info xəbər verir ki, bu barədə Avropa İttifaqının Şurasının məlumatında bildirilir.

“Boz siyahı”ya blokun maliyyə əməliyyatlarına nəzarət məsələlərinin olduğu ölkələr daxildir. Belə dövlətlərdən Aİ ilə vergi məsələlərində əməkdaşlığın gücləndirilməsi tələb olunur.

Həmçinin ölkələr "qara siyahıda" ola bilər. İndi bu siyahıda 16 ölkə var ki, onların əksəriyyəti klassik ofşorlardır. Söhbət Baham adaları, Panama, Trinidad və Tobaqo, Vanuatu və s.lərdən gedir.

Eyni zamanda “boz siyahı”dan bir neçə ölkə çıxıb. Bunlar Şimali Makedoniya, Barbados, Yamayka və Uruqvay, Honq-Konq, Malayziya və Qətərdir.

Bundan əlavə, Aİ Şurası qeyd edib ki, Rusiya ilə vergi qanunvericiliyi ilə bağlı dialoq Ukraynadakı vəziyyət fonunda dalana dirənib.

Xatırladaq ki, “Boz siyahı” ilk dəfə 2017-ci ilin dekabrında tərtib edilib. Növbəti təftiş isə bu ilin oktyabrına planlaşdırılır.

Poliqon.info