Ağ Ev yadplanetlilərlə şarlar arasında mümkün əlaqəyə cavab verib

Ağ Ev: endirilən hava obyektləri ilə bağlı vəziyyətdə yadplanetlilərin fəaliyyətinin əlamətləri yoxdur…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer ənənəvi brifinqdə bildirib.

ABŞ və Kanada səmasında hava hədəflərinin vurulması ilə bağlı son insidentlər yerdənkənar fəaliyyətə işarə etmir, deyə Ağ Evin sözcüsü bildirib. O, qeyd edib ki, amerikalıların “bu barədə sualları və narahatlığı var” və buna görə də Vaşinqton bu məqama aydınlıq gətirmək qərarına gəlib.

“Bunu Ağ Evdən eşitdiyinizə əmin olmanızı istəyirəm. Bununla bağlı suallar və narahatlıqlar olub, amma təkrar etmək istəyirəm, təyyarələrin vurduğu şarlar ətrafında vəziyyətdə yadplanetlilərin və ya yerdən kənar fəaliyyətə dair heç bir sübut yoxdur. Bir daha təkrar edirəm, aerostatlarla bağlı yadplanetlilərin fəaliyyətindən əsər-əlamət yoxdur”, deyə Jan-Pyer bildirib.

Qeyd edək ki, Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığının (NORAD) rəhbəri Qlen van Herk daha əvvəl bildirib ki, son günlər ABŞ hava məkanında vurulan hava şarları yerdən kənar mənşəli ola bilər. Onun sözlərinə görə, bu məsələ ilə bağlı son nəticəni kəşfiyyat xidmətləri verməlidir.

Poliqon.info