Azərbaycanın xilasediciləri dağıntılar altından ana və azyaşlı qızının meyitini çıxarıb

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir...

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları zamanı ana və azyaşlı qızının meyitini çıxarıb.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində yerləşən Hayrullah binasının dağıntıları altında aşkarlanan gənc qadın və 2 yaşlı qızının meyiti çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Ehtimal edilir ki, həmin ərazidə digər şəxslərin də meyitləri var. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 47 nəfəri sağ, 270-dən çox şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Poliqon.info