Tək Türkiyə və Suriya deyil - Zəlzələ dalğası bütün planeti bürüyüb...

Türkiyə və Suriya fevralın 6-da baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarının sayını hesablayarkən və dağıntıları ayırarkən, bütün dünya üzrə seysmoloqlar yeni təkanlar qeydə alırlar.

Poliqon.info xəbər verir ki, Rusiyanın RTVI kanalı son saatlarda müxtəlif ölkələrdə baş verən ən güclü zəlzələlər haqqında məlumat toplayıb.

Ən böyük seysmik aktivlik hələ də Türkiyə və Suriyada müşahidə olunur. Orada, son sutka ərzində çoxsaylı təkanlar, o cümlədən Suriya sahilləri ilə Kipr arasında dənizdə 10 km dərinlikdə güçlü bir zəlzələ qeydə alınıb.

Bölgədə son gündə ən güclü zəlzələlər bu bölgələrdə baş verib:

Dünən gecə, Türkiyənin Gölbaşı şəhərindən 9 km cənub-şərqdə 5,5 bal gücündə zəlzələ olub.

Fevralın 7-də səhər saatlarında Türkiyənin Sincik və Malatya şəhərləri yaxınlığında 5,4 bal gücündə iki zəlzələ baş verib.

Yeraltı təkanlar başqa harada qeydə alınıb?

Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka bölməsi bildirib ki, Rusiyanın Severo-Kurilskindən (Saxalin) 189 km cənubda, 42 km dərinlikdə 5,8 bal gücündə zəlzələ baş verib.

Fevralın 7-nə keçən gecə İndoneziyanın Palabuhanratu şəhəri yaxınlığında, eyniadlı körfəzin (Qərbi Yava) cənub-qərb sahilində 5 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların ocağı 57,9 km dərinlikdə yerləşib. İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi yeraltı təkanların 5,2 bal gücündə olduğunu açıqlayıb.

5 bal gücündə zəlzələ Şimali Atlantik okeanında, Şimali Orta Atlantik silsiləsində, təxminən 10 km dərinlikdə baş verib.

Filippin dənizində, Mariana adaları yaxınlığında, Quam adasındakı Dededo kəndindən 65 km şimalda 5 bal gücündə daha bir zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların ocağı 107,4 km dərinlikdə yerləşib və bu, yeraltı təkanların təzahürlərini xeyli yumşaldıb.

Fevralın 7-də səhər saatlarında dalğalanmalar demək olar ki, bütün Tayvanın sakinləri tərəfindən hiss olunub. Yerli Mərkəzi Hava Bürosu 5,1 bal gücündə zəlzələnin Hualien qraflığından 34,4 km şimal-şərqdə, 15,8 km dərinlikdə yerləşdiyini bildirib.

Nyu-Yorkun Buffalo şəhəri yaxınlığında 3,8 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin təxminən 2,5 km dərinlikdə olduğunu bildirib. Buffalo Milli Meteoroloji Xidmətinin ofisindən bildirilib ki, dağıntılar və ya xəsarətlər barədə məlumat yoxdur.

Fevralın 7-də günorta saatlarında Yunanıstanın Nikiti şəhərindən 6 km aralıda, Sithonia yarımadasının şimal hissəsində, maqnitudası 4,9 olan zəlzələ təxminən 10 km dərinlikdə baş verib.

Ümumilikdə, avropalı seysmoloqların məlumatına görə, son iki gündə Avropa-Aralıq dənizi regionunda 540-dan çox müxtəlif gücdə zəlzələ qeydə alınıb.

Poliqon.info