Reznikov Ukraynanın müdafiə naziri vəzifəsindən alınıb...

Aleksey Reznikov Ukraynanın müdafiə naziri postunu tərk edir, onun yerinə hərbi idarəyə hərbi kəşfiyyatın hazırkı rəhbəri Kirill Budanov gətirilir…

PİA.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın hakim partiyası “Xalqın qulluqçusu” partiyasının Ali Radadakı fraksiyasının rəhbəri David Araxamiya özünün Telegram kanalında bildirib.

Araxamiya qeyd edib ki, Reznikov hazırda Pavel Ryabikinin rəhbərlik etdiyi Ukraynanın Strateji Sənayelər Nazirliyinə rəhbərlik edəcək.

“Aleksey Reznikov hökumət çərçivəsində hərbi-sənaye əməkdaşlığını gücləndirmək üçün Strateji Sənayelər naziri postuna keçirilir”, deyə Araxamiya Teleqram kanalında yazıb.

“General-mayor Kirill Budanov Müdafiə Nazirliyinə rəhbərlik edəcək, bu, müharibə dövrü üçün tamamilə məntiqlidir”, deyə Araxamia əlavə edib.

Qeyd edək ki, Aleksey Reznikovun mümkün istefası ilə bağlı söz-söhbətlər Müdafiə Nazirliyi ətrafında orduya ərzaqların şişirdilmiş qiymətlərlə verilməsi ilə bağlı jurnalist araşdırmasının dərcindən sonra alovlanan qalmaqal fonunda yaranıb. Bu xəbərlərdən sonra müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov və dövlət satınalmaları departamentinin direktor müavini Boqdan Xmelnitski istefa verməyə məcbur olublar. Onlara qarşı korrupsiya və Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətinə mane olmaq ittihamı ilə araşdırma başladılıb.

pia.az