Avstriya dörd rus diplomatını ölkədən çıxarıb

Avstriya Xarici İşlər Nazirliyi dörd rus diplomatın diplomatik statusunu ləğv edib…

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, bu barədə fevralın 2-də Avstriya Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.

“Rusiya səfirliyinin iki diplomatı diplomatik statusla bir araya sığmayan hərəkətlər edib. Nəticədə onlar “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”nın 9-cu maddəsinə uyğun olaraq persona non-qrata elan ediliblər”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, belə bir ifadə tez-tez diplomatik missiyaları casusluqda ittiham edərkən istifadə olunur.

Bundan əlavə, Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin iki diplomatı qərargah sazişinin müddəalarını pozan hərəkətlərə yol verib, deyə Avstriya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir. Onlar da Avstriya ərazisini tərk etməlidirlər.

Persona non-qrata elan edilən dörd rusiyalı diplomat bir həftə ərzində, yəni fevralın 8-dən gec olmayaraq Avstriyanı tərk etməlidir.

Rusiya Xarici İşlər Nazirliyi Avstriya Xarici İşlər Nazirliyinin bəyanatını şərh etməyib.

pia.az