Litva Aİ ölkələrini Rusiya səfirlərini Avropadan qovmağa çağırıb…

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Rusiyanın Aİ ölkələrində səfirlərinin olmasını mənasız hesab edir…

PİA.az xəbər verir ki, bu barədə Rusiyanın “Vzqlyad” məlumat yayıb.

“Əksər hallarda hər hansı Avropa paytaxtında Rusiya səfirinin olmasının o qədər də faydası yoxdur. Çünki, gördüyümüz kimi, Rusiya səfirlikləri artıq diplomatik qurum deyil, müharibə cinayətlərini ört-basdır edən və ümumiyyətlə, soyqırımı gündəmini təşviq edən təbliğat qurumudur”, deyə nazir bildirib.

Nazir xatırladıb ki, Litva Rusiya səfirini hələ mart ayında ölkədən çıxarıb. 2023-cü ilin yanvarında Estoniya və Latviya eyni qərarı verib.

"İstisna etmirəm ki, Ukraynada baş verənləri görən daha çox ölkə bunun düzgün yol olduğuna əmin ola bilər", deyə Landsbergis qeyd edib. O, əlavə edib ki, bu cür qərarlar “vaxt alır” və bununla bağlı müxtəlif baxışlar var.

Qeyd edək ki, yanvarın 23-də Rusiya Xarici İşlər Nazirliyi Estoniya ilə diplomatik münasibətlərin müvəqqəti işlər vəkili vəzifəsinə endirilməsi qərarını açıqlayıb. Rusiya XİN bu qərarı Tallinndəki səfirlikdə son ixtisarlara cavab olaraq izah edib. Hər iki tərəfdən verilən qərara görə Estoniyanın Rusiyadakı səfiri Moskvanı, Rusiya səfiri Tallini tərk edəcək.

Həmçinin Moskva və Riqa da səfirlərinin qarşılıqlı olaraq qovulduğunu elan ediblər.

pia.az