Laçın-Xankəndi yolundan BQXK-nın maşınları keçib - Yenilənib, Video

Humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur...

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik avtomobili Laçından Xankəndiyə doğru keçid edib.

Həmin avtomobillər səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət etmişdi.

##galery##

***

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 6 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 50 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

pia.az