Ağ Ev Rusiyanın NATO-ya zərbə endirməsinə inanmır

ABŞ Rusiyanın Kiyevə tankların tədarükünə cavab olaraq NATO-nu vuracağına inanmır…

PİA.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı deyib. Kirbi deyib ki, ABŞ hakimiyyəti Rusiyanın Qərbin Ukraynaya tank verməsinə cavab olaraq NATO-ya zərbə endirmək niyyətində olduğuna dair heç bir əlamət görmür.

Kirbi həmçinin bildirib ki, Amerikanın “M1 Abrams” tanklarının Kiyevə təhvil verməsi üçün uzun aylar lazım olacaq. Lakin Kirbinin sözlərinə görə, alman “Leopard”larının Ukraynaya transferi çox vaxt aparmayacaq.

“Bircə onu deyə bilərəm ki, biz Putinin NATO ərazisinə zərbə endirməyi planlaşdırdığına dair heç bir əlamət görmürük”, deyə ABŞ administrasiyasının rəsmisi bildirib.

Ağ Evin sözçüsü həmçinin bildirib ki, ABŞ Ukraynaya kəşfiyyat məlumatlarını ötürməkdə davam edir, lakin dəqiq hara zərbə endirəcəyini diktə etmir.

“Biz onlara istifadə edə biləcəkləri məlumat və kəşfiyyatla kömək etmək üçün əlimizdən gələni edirik”, deyə Kirbi qeyd edib.

pia.az