Rusiyalı oliqarx Vekselberin şərikləri İspaniyada həbs olunub

Vekselberqə sanksiyalardan yayınmağa kömək etdiyi üçün İspaniyada britaniyalı iş adamı həbs olunub…

Britaniya vətəndaşı Riçard Masters Rusiya oliqarxı Viktor Vekselberqin sanksiyalar altında həbs olunan yaxtanın sahibi olması barədə məlumatı gizlətdiyi üçün İspaniyada həbs edilib.

PİA.az xəbər verir ki, bu barədə yanvarın 25-də Britaniyanın The Times qəzeti yazıb.

Xəbərdə bildirilir ki, ABŞ Ədliyyə Nazirliyi 52 yaşlı Riçard Mastersin ötən cümə günü İspaniya Mülki Qvardiyası tərəfindən həbs edildiyini bildirib. Onun rus-isveçrəli şəriki Vladislav Osipov hələ də azadlıqdadır, lakin o da həbs edilə bilər. Şəriklər ruisyalı oliqarx Viktor Vekselberqin 90 milyon dollarlıq yaxtası ilə bağlı məlumatları gizlədərək yaxtanın sanksiyalardan yayınmasına şərait yaratmaqda ittiham olunur.

Ədliyyə Nazirliyi bildirib ki, onlar ABŞ-ı aldatmaqda və ABŞ-a qarşı cinayətlərdə, Beynəlxalq Fövqəladə İqtisadi Güclər Aktını pozmaqda və çirkli pulların yuyululmasında ittiham olunurlar.

ABŞ 2018-ci ilin aprelində Rusiyanın “Renova Group” konqlomeratının rəhbəri Vekselberqə sanksiya tətbiq edib. Vaşinqton ötən ilin martında Ukraynada müharibə başlayandan sonra rus oliqarxa qarşı sanksiyaları gücləndirib.

Mart ayında Britaniya, Avstraliya və Polşa Vaşinqtona qoşularaq Vekselberqin aktivlərini ələ keçirib və ona səyahət qadağaları tətbiq ediblər. Aprel ayında Ədliyyə Nazirliyi onun İspaniyada “Tanqo” yaxtasını müsadirə edib.

Departament iddia edir ki, Masters İspaniyanın Palma de Mallorca şəhərində yaxtaçılıq şirkətini idarə edib və 2018-ci ildə ilkin sanksiyalar tətbiq edildikdən sonra “Tanqo” yaxtasını sanksiyalardan yayındıra bilib. Hazırda Riçard Masters Vekselberqin “Tanqo” yaxtasının sahibi olması faktını qəsdən gizlətməkdə ittiham olunur.

İş adamlarının ABŞ-a ekstradisiya ediləcəyi gözlənilir.

pia.az